Qanunsuz reklamlara qarşı mübarizə gücləndirilir


19 noyabr 2026 22:36
33
Şəhərin siması yalnız onun memarlığı, küçələri və ictimai məkanları ilə deyil, bu mühitdə formalaşan vizual nizamla da müəyyən olunur. Küçələrdə, binaların fasadlarında və digər ictimai məkanlarda qaydalara uyğun yerləşdirilməyən reklamlar şəhərin estetik görünüşünə xələl gətirməklə yanaşı, açıq məkanda reklam fəaliyyətinin qanuni tənzimlənməsini də zəruri edir. Bu baxımdan icazəsiz reklamların qarşısının alınması, reklam daşıyıcılarının müəyyən edilmiş tələblərə uyğun yerləşdirilməsi və şəhər mühitində vizual harmoniyanın qorunması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi, reklam dizayn kodlarının tətbiqi, rəqəmsal müraciət imkanlarının genişləndirilməsi və hüquqi məsuliyyət tədbirləri vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Mövcud vəziyyət, aşkarlanan pozuntular, tətbiq olunan hüquqi mexanizmlər və qarşıdakı yeniliklərlə bağlı suallarımızı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini Lalə Abdullayeva cavablandırır.
-Şəhərin küçələrində, avtobus dayanacaqlarında, binaların divarlarında, blok girişlərində və iri reklam lövhələrinin metal konstruksiyalarında icazəsiz elan və reklamların yerləşdirilməsi hallarına rast gəlinir. Bu cür halların qarşısının alınması Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətində hansı yeri tutur və hazırda bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilir?
- Dövlət Reklam Agentliyi tərəfindən reklamların qanunvericiliyin tələblərinə uyğun yerləşdirilməsinə nəzarət həyata keçirilir, lakin reklam xarakteri daşımayan adi elanların, o cümlədən binaların blok girişlərində, divarlarda və digər ictimai yerlərdə yerləşdirilən məlumat xarakterli elanların yerləşdirilməsinə nəzarət Agentliyin səlahiyyətlərinə aid deyil.
İcazəsiz reklamların qarşısının alınması Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin açıq məkanda reklam sahəsində həyata keçirdiyi nəzarət fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Agentliyin əsas məqsədi reklam fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək, şəhər mühitinin estetik görünüşünü qorumaq və reklam daşıyıcılarının müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsinə nəzarət etməkdir. Bu məqsədlə Agentlik tərəfindən mütəmadi monitorinqlər aparılır, açıq məkanda yerləşdirilən reklamların qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır, icazəsiz və ya müəyyən edilmiş tələbləri pozmaqla yerləşdirilən reklamlar aşkar edilərək müvafiq tədbirlər görülür. Pozuntuların xarakterindən asılı olaraq reklam yayıcılarına xəbərdarlıq edilir, onların aradan qaldırılması ilə bağlı yazılı göstərişlər verilir, qanunvericilikdə nəzərdə tutulmuş hallarda reklam qurğularının demontajı və inzibati məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.
-Reklam yerləşdirmək üçün qanuni prosedurlar mövcud olduğu halda, bəzi şəxslərin icazəsiz üsullara əl atmasının səbəbi nədir?Bu hallarda əsasən hansı problemlər və qanunvericiliyin tələblərindən yayınma meyilləri ilə qarşılaşırsınız?
-Əsas problemlərdən biri reklamın müvafiq icazə alınmadan yerləşdirilməsi, reklam qurğularının müəyyən edilmiş texniki və digər tələblərə uyğun olmaması, habelə Agentlik tərəfindən verilən yazılı göstərişlərin vaxtında və tam icra edilməməsidir. Bəzi hallarda sahibkarlar reklam yerləşdirərkən ərazinin xüsusiyyətləri, şəhər mühitinin estetik görünüşü və reklam qurğularına dair müəyyən edilmiş tələbləri nəzərə almır.
Dövlət Reklam Agentliyi tərəfindən bu cür halların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, aşıq məkanda reklam yerləşdirilməsi qaydaları barədə məlumatlılığın artırılması istiqamətində mütəmadi maarifləndirmə işləri aparılır.
-İcazəsiz yerləşdirilən reklamların miqyası ilə bağlı Agentliyin statistik məlumatları varmı? Son dövrdə bu cür halların aşkarlanması və aradan qaldırılması üzrə hansı nəticələr əldə olunub?
- Açıq məkanda reklam qanunvericiliyinin pozulması ilə bağlı 2025-ci ilin yekunlarına əsasən Agentlik tərəfindən 364 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollardan 279-u üzrə cərimə tətbiq edilməsi barədə qərar qəbul olunub və təyin edilmiş cərimələrin ümumi məbləği 564 500 manat təşkil edib.
Bu göstəricilər reklam sahəsində qanunvericiliyin tələblərinin pozulmasına qarşı nəzarət və hüquqi məsuliyyət tədbirlərinin həyata keçirildiyini göstərir. Bununla belə, qeyd olunan rəqəmlər yalnız icazəsiz reklamların sayını deyil, açıq məkanda reklam qanunvericiliyinin müxtəlif pozuntularını əhatə edir.
Agentlik tərəfindən monitorinqlər zamanı müəyyən edilmiş pozuntuların aradan qaldırılması, icazəsiz yerləşdirilmiş reklam qurğularının demontajı və qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu tədbirlərin əsas məqsədi reklam fəaliyyətinin qanuni çərçivədə həyata keçirilməsini təmin etmək, şəhər mühitinin estetik görünüşünü qorumaq və reklam sahəsində mövcud tələblərin pozulmasının qarşısını almaqdır.
- İcazəsiz reklam yerləşdirən şəxslər və ya sahibkarlarla bağlı hansı hüquqi tədbirlər görülür?Belə hallarda reklamın götürülməsi ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulan digər məsuliyyət tədbirləri də tətbiq edilirmi?
- Bəli, açıq məkanda reklamın qanunvericiliyin tələblərinə uyğun yerləşdirilməməsi hallarında reklamın yayımının dayandırılması və pozuntunun aradan qaldırılması ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi tədbirlər də tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə əsasən, Agentlik açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq, pozuntuların aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstərişlər vermək, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görmək, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda reklam qurğularının sökülməsi barədə qərar qəbul etmək səlahiyyətlərinə malikdir. Belə ki, icazə əsasında yerləşdirilmiş reklamlar üzrə qanunvericiliyin tələblərinin pozulması aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və pozuntunun 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Göstərişin icra edilmədiyi hallarda verilmiş icazəyə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür və reklam yayımının dayandırılması təmin edilir.
İcazəsiz reklam yerləşdirilməsi hallarında isə hüquqi mexanizm fərqlidir. Reklam yayıcısı məlum olduqda, pozuntu barədə akt və müvafiq tələblərin 5 gün ərzində yerinə yetirilməsinə dair yazılı göstəriş təqdim edilir. Lakin bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır. Göstərişin vaxtında icra edilmədiyi və ya reklam yayıcısının müəyyənləşdirilməsinin mümkün olmadığı hallarda reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görülür.
Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddə xüsusilə müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan reklam yerləşdirilməsini, reklamın qanunvericiliyin tələblərinə uyğun olmamasını, eləcə də Agentliyin yazılı göstərişlərinin və qərarlarının vaxtında və tam icra edilməməsini əhatə edir. Bu pozuntulara görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilə bilərlər.
Qeyd olunan hallarda Agentlik tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə baxılması üçün göndərilir. İnzibati məsuliyyət tədbirlərinin tətbiqi reklam yayıcısının, reklamvericinin, reklam istehsalçısının və ya digər aidiyyəti subyektin hərəkətlərində müvafiq inzibati xəta əlamətlərinin olub-olmamasından asılı olaraq müəyyən edilir.
Beləliklə, Agentlik tərəfindən pozuntunun xarakterindən asılı olaraq, reklam yayımının dayandırılması, reklam qurğularının sökülməsi, icazənin dayandırılması və ya ləğvi, habelə inzibati məsuliyyət tədbirlərinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş mexanizmlərdən istifadə olunur.
-Reklamların şəhər mühitində yaratdığı nizamsızlığın aradan qaldırılması üçün gələcəkdə hansı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur?
- Şəhərlərin açıq məkan reklam mühitində vizual nizamsızlığın aradan qaldırılması və reklam yerləşdirilməsi sahəsində vahid yanaşmanın təmin olunması məqsədilə Dövlət Reklam Agentliyi tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi, müasir tənzimləmə mexanizmlərinin tətbiqi və ictimai nəzarət imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bu istiqamətdə mühüm işlərdən biri şəhər mühitinə uyğun reklam dizayn kodlarının ölkə üzrə mərhələli tətbiqidir. Dizayn kodları fasad reklamlarının vahid prinsiplər əsasında tənzimlənməsini, reklamların ölçü, rəng, işıqlandırma və yerləşmə baxımından binaların memarlıq üslubuna uyğunlaşdırılmasını nəzərdə tutur. Bu yanaşmanın Bakı ilə yanaşı, Gəncə, Şəki, Ağdaş, Bərdə, Xankəndi və digər şəhərlərdə tətbiqi nəticəsində vizual çirklənmənin azaldılması və açıq məkan reklam mühitində estetik harmoniyanın qorunması hədəflənir.
Eyni zamanda, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Rəqəmsal müraciət mexanizmlərinin tətbiqi qanun pozuntuları barədə məlumatların operativ əldə edilməsinə və aidiyyəti üzrə araşdırılmasına şərait yaradır. Agentliyin “Açıq məkanda reklama ictimai nəzarət” bölməsinin “ASAN müraciət” informasiya sisteminə inteqrasiyası vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun olmayan reklamlar, təhlükəli reklam daşıyıcıları və estetik tələblərin pozulması halları barədə daha əlçatan şəkildə məlumat vermək imkanı yaradır. Daxil olan müraciətlər Agentliyə yönləndirilir və müvafiq qaydada araşdırılır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Bölmədən digər xəbərlər
