Qanunsuz işdən çıxarılanlara kompensasiya verilə bilər?


İşçinin əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilməsi onun əmək hüquqlarının pozulması hesab olunur.
Belə hallarda işçi hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər. Bəs qanunsuz işdən çıxarılan şəxs əvvəlki vəzifəsinə qaytarıla bilərmi? İşə bərpa mümkün olmadıqda ona nə qədər kompensasiya ödənilməlidir və bu məbləğ hansı meyarlar əsasında müəyyənləşdirilir?
Hüquqşünas Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, qanunsuz şəkildə işdən çıxarılan şəxs işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət edə bilər:
“Belə olan halda işçi qanunsuz olaraq işdən çıxarıldığı tarixdən yenidən işə bərpa olunduğu günədək olan müddət üçün əməkhaqqının tam məbləğini tələb edə bilər. Eyni zamanda, məhkəmədə ona vurulmuş digər maddi və mənəvi zərərin əvəzinin ödənilməsini də istəyə bilər”.
Ekspert qeyd edib ki, maddi zərərə işçinin əməkhaqqı ala bilməməsi səbəbindən üzləşdiyi əlavə maliyyə itkiləri də daxil ola bilər:
“Məsələn, şəxsin bank krediti varsa və işsiz qaldığı müddətdə maaş ala bilmədiyi üçün kreditini ödəyə bilməyibsə, həmin dövrdə kredit üzrə hesablanan faizləri və cərimələri də maddi zərər kimi tələb edə bilər.
Bununla yanaşı, işçi qanunsuz işdən çıxarılması səbəbindən yaşadığı mənəvi iztirablara görə də kompensasiya tələb etmək hüququna malikdir. Mənəvi zərərin əvəzinin məbləğini isə şəxs özü müəyyənləşdirərək məhkəməyə təqdim edə bilər”.
Sevinc
Dərc vaxtına görə