Mine Çayıroğlu: "Uşaq yaşlarında məşhur olmaq travmatik bir vəziyyətdir"


Türkiyəli aktrisa və müğənni Mine Çayıroğlu uşaq yaşlarında şöhrət qazanmağın çətinliklərindən danışıb.
Demokrat.az xəbər verir ki, sənətçi İpek Açarın aparıcılıq etdiyi "İpek"çe Sohbetler" proqramının qonağı olub.
1986-cı ildə yayımlanan "Çalıkuşu" serialında canlandırdığı Munise obrazı ilə tanınan Çayıroğlu erkən yaşda məşhurlaşmağın həm Türkiyədə, həm də dünyada uşaqlar üçün travmatik təcrübə olduğunu bildirib.
Aktrisanın sözlərinə görə, belə bir vəziyyətdə ailənin dəstəyi xüsusi əhəmiyyət daşıyır. O, bu baxımdan özünü şanslı hesab etdiyini, ailəsinin hər zaman ona dəstək olduğunu söyləyib.
Çayıroğlu etiraf edib ki, karyerası ərzində özünü boşluqda hiss etdiyi, çətinliklərlə üzləşdiyi və hətta üsyan etdiyi dövrlər də olub. Buna baxmayaraq, sənətdən vaz keçmədiyini vurğulayıb. O, işini böyük sevgi ilə gördüyünü, daim yeni layihələr üzərində düşündüyünü və yalnız təklif gözləməklə kifayətlənmədiyini qeyd edib.
Şəxsi həyatından da danışan sənətçi tək qalmağı sevdiyini bildirib. Çayıroğlu hər gün səhər saat 05:00-da oyandığını, oğlu məktəbə getməzdən əvvəl özünə vaxt ayırdığını deyib.
1 mənbə