Putinin administrasiyasında böyük qalmaqal – Yüksək vəzifəli məmura ağır ittihamlar


6 18.11.2026 16:16 Dünya A A
Rusiya Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı Aleksey Mixeyev biznesin ələ keçirilməsi, məmur himayədarlığı və vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “VÇK-OGPU” və Rucriminal saytı yayıb.
Məlumata görə, Sankt-Peterburqun tanınmış restoran biznesi nümayəndəsi Aleksey Sidorov Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB), İstintaq Komitəsinə və Prezident Administrasiyasına şikayət ünvanlayıb.
Şikayətin əsas hədəfi Rusiya Prezidentinin vətəndaşların və təşkilatların müraciətləri ilə iş üzrə İdarəsinin rəisi Aleksey Mixeyevdir.
Sidorovun iddiasına görə, Mixeyev 2008-ci ildən etibarən onun biznesinə yüksək vəzifəli məmurlar və güc strukturları ilə əlaqələri vasitəsilə himayədarlıq edib. Bunun müqabilində restoranlarında mütəmadi olaraq bahalı ziyafətlər təşkil etdirib. Həmin məclislərdə yüksək vəzifəli dövlət rəsmiləri, prokurorluq və güc strukturlarının nümayəndələri iştirak ediblər. Bütün xərcləri isə sahibkar ödəyib.
Lakin sonradan Mixeyevin onun biznesini tamamilə ələ keçirməyə çalışdığı iddia olunur.
Milyonluq mülk məmurun qızına verilib
Sidorovun sözlərinə görə, biznes obyektlərinə qarşı dövlət qurumlarının ardıcıl yoxlamaları başlayıb. Hətta Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ona bu yoxlamaların Mixeyevin göstərişi ilə aparıldığını söylədiyi iddia edilir.
Sahibkar bildirir ki, Mixeyev təzyiqlərin dayandırılması müqabilində Fin körfəzi sahilində yerləşən bahalı “Villa” istirahət kompleksini tələb edib.
Nəticədə obyekt Mixeyevin qızı Yekaterina Uxtomskayanın adına rəsmiləşdirilib. Lakin Sidorovun iddiasına görə, bundan sonra da təzyiqlər davam edib.
Prezidentə göndərilən şikayətlərdən qazanc əldə etmək ittihamı
Araşdırmanın ən ciddi məqamı Mixeyevin Prezident Administrasiyasındakı səlahiyyətləri ilə bağlıdır.
Sidorov iddia edir ki, yüksək vəzifəli məmur prezidentə ünvanlanan müraciətlərlə iş üzrə idarəni faktiki olaraq şəxsi nəzarətinə götürüb. O, müəyyən şəxslərə şikayətlərin qarşısını almaq və ya onların baxılmasını təmin etmək üçün qeyri-rəsmi xidmətlər təklif edib.
Şikayətdə Mixeyevin Sankt-Peterburqda milyardlarla rubl dəyərində daşınmaz əmlaka sahib olması barədə də iddialar yer alır.
Şikayətdən sonra sahibkar saxlanılıb
Diqqətçəkən məqam odur ki, Sidorovun hüquq-mühafizə orqanlarına müraciətlərindən az sonra özü saxlanılıb.
Mənbələrin məlumatına görə, iş adamı noyabrın 17-də Sankt-Peterburqda hədə-qorxu ilə tələb etmə ittihamı üzrə aparılan cinayət işi çərçivəsində tutulub.
Onun saxlanılması ilə Mixeyevə qarşı şikayətləri arasında əlaqənin olub-olmadığı məlum deyil.
Qeyd edək ki, Mixeyevə qarşı səsləndirilən ittihamlar Sidorovun iddialarına əsaslanır və onların müstəqil təsdiqi barədə məlumat yoxdur.
Musavat.com
1 mənbə