Pul paylamaq İmamoğluna baha başa gəldi – Hökm verildi!


177 19.11.2026 00:59 Dünya A A
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında saxtakarlıqla bağlı məhkəmə prosesində qərar açıqlanıb.
Musavat.com xəbər verir ki, Türkiyə mətbuatının məlumatına əsasən, Ankara 26-cı Əsliyə Cəza Məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla 9 nəfəri Seçki Qanununu pozmaqda təqsirli bilərək hər birini 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə həmin şəxslər barəsində siyasi qadağa qərarı da verib. Qadağalar qərar qüvvəyə mindikdən sonra tətbiq olunacaq.
Məhkum edilənlər arasında Rza Akpolat, Özgür Çelik, Nihat Yaşıldaş, Baki Aydönər, Erkan Aydın, Məhmət Kılınçarslan, Mətin Gözəlqaya və Sərhat Can Eş də var.
İzmir Böyükşəhər Bələdiyyəsinin rəhbəri Cəmil Tugay, Hüseyin Yaşar və Özgən Nama isə məhkəmənin qərarı ilə bəraət alıblar.
Cinayət işi CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş 38-ci qurultayında qanun pozuntularına yol verilməsi ilə bağlı başlanıb. İttiham tərəfi bəzi nümayəndələrə pul verildiyini, vəzifə və iş vəd edildiyini, market kartları paylandığını, bununla da səsvermənin nəticələrinə təsir göstərilməyə çalışıldığını irəli sürüb.
Əkrəm İmamoğlu hazırda başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri əsasında həbsdə saxlanılır. Onun barəsində müxtəlif cinayət işləri üzrə məhkəmələr tərəfindən ayrı-ayrı həbs hökmləri də çıxarılıb. Yeni qərar həmin işlərdən ayrıca qəbul edilib.
Məhkəmənin qərarı 18 noyabr 2026-cı ildə açıqlanıb.
Musavat.com