Portuqaliya “Qızıl viza” proqramının şərtlərini sərtləşdirir


Portuqaliya xarici investorlara yaşayış icazəsi verən “Qızıl viza” proqramına yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Hakim Sosial Demokrat Partiyası (PSD) və CDS-Xalq Partiyası (CDS-PP) investisiya fondları vasitəsilə müraciət edən xarici investorlar üçün şərtlərin dəyişdirilməsini təklif edib.
Yeni qaydalara əsasən, fondların investisiyalarının ən azı 70 faizi Portuqaliyada fəaliyyət göstərən şirkətlərə birbaşa kapital yatırımı və ya kapitala bənzər maliyyələşdirmə formasında yönəldilməlidir. İlkin təklifdə bu göstərici 80 faiz nəzərdə tutulsa da, sonradan 70 faizə endirilib.
Hazırda proqram çərçivəsində investorlar ən azı 500 min avro yatırmaqla yaşayış icazəsi əldə edə bilirlər. Təklif edilən dəyişiklik ümumi həcmi 1,9 milyard avro olan 24 investisiya fonduna təsir göstərə bilər.