Polşada tibb bacısı düşük edən qadına ölü dölü evdəki soyuducuda saxlamağı tapşırıb


Polşanın Suvalki şəhərindəki xəstəxanada baş verən hadisə ilə bağlı prokurorluq araşdırma aparır.
Polşa mediasının məlumatına görə, 2026-cı ilin iyulunda hamiləliyini itirən Joanna Tylman adlı qadına tibb bacısı içərisində dölün qalıqları olan qab verərək onu evdəki soyuducuda saxlamağı tapşırıb.
İki uşağı olan qadın xəstəxanadan evə buraxıldıqdan sonra tibb bacısının göstərişinə əməl edərək qabı bütün həftəsonu soyuducuda saxlayıb. O, xəstəxananın dəfn üçün lazımi sənədləri təqdim etmədiyini bildirib. Yalnız bazar ertəsi tibb müəssisəsinə qayıtdıqda dölün qalıqlarının xəstəxanadan dəfn xidmətinə təhvil verilə biləcəyini öyrənib.
Hadisədən sonra qadının şikayəti əsasında araşdırma başlayıb. Xəstəxana rəhbərliyi prosedurların pozulduğunu etiraf edərək təəssüfünü bildirib.
Polşanın Xəstə Hüquqları üzrə Müvəkkili qadının ləyaqət və şəxsi həyat hüquqlarının pozulduğunu qeyd edib. Vətəndaş Hüquqları üzrə Müvəkkil də məsələyə müdaxilə edib.
Suvalki Rayon Prokurorluğu hadisəni meyitə hörmətsizlik ehtimalı üzrə araşdırır. Xəstəxananın etik komissiyası da məsələni araşdırır. Qadının vəkili isə mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi addımlar atmağı planlaşdırır.
1 mənbə
