Penta-trik: 1 səfər, 5 ölkə - TƏƏSSÜRAT YAZISI


Noyabrın 10-u, saat 17:00-da Bakı-Zürix çarter reysi ilə AFFA rəhbərliyi və milli komandanın üzvləri ilə İsçevrəyə yola düşdük. Heç vaxt 5 saat 10 dəqiqəlik uçuşum olmamışdı. Tərslikdən yata da bilmirəm ki, vaxt tez keçsin.
Əlqərəz, gəldik çatdıq Zürixə. Amma burda qalmadıq, yollandıq Avstriyanın Durbirn şəhərinə.
İstiqanlı almanaoxşarlar, Karren - Durnbirn.
Avstriyanın ən qərbində yerləşən Durnbirn ölkənin ən qədim şəhərlərindəndir. Qaldığımız otel 11 mərtəbə idi. Şəhərin bir hissəsi adamın ayaqlarının altında qalırdı. Durnbirn şəhər, kənd və qəsəbənin tezisi idi.
Gəldiyimiz günün səhərisi mən və 3 həmkarımla Karren dağına yollandıq. Çox yüksəkdə yerləşir. Dağın zirvəsinə yollanmaq üçün kanata minmək lazımdır. Qiyməti normalda 19 avrodur (indi də elədir). Amma biz getdiyimiz gün Karren dağı üçün salınmış kanatın yubiley həftəsi olduğundan sadəcə 7 avro xərcimiz çıxdı.
Alman və avstriyalı fərqi.
Almaniya və Avstriya qonşu dövlətlər, Avstriyanın rəsmi dili Alman dili olsa da, xalq olaraq çox fərqlənirlər. Birincisi, bu ölkədə alman dəqiqliyini görmədim. Çox xırda nümunə ilə izah edə bilərəm: Karrendən çıxıb otelə yollanmalı idik. Avtobus intervalı 8 dəqiqədən bir idi. Lakinn biz nə az, nə çox dörd 8 dəqiqə buraxdıq, sonra avtobusa minə bildik.
Almanlar çox soyuqqanlı olsa da, avstriyalılar elə deyil. Nə isə soruşanda canla-başla verirlər, problemi çözməmiş yanınızdan ayrılmaq fikirləri olmur.
Türkiyəlilərin də sayı az deyil. Özlərinin obyektləri var idi. Hətta “türk dönəri” adı ilə Suriya kürtlərinin ləziz dad məkanına rast gəldik.
Durnbirndəki şərait olduqca yüksək səviyyədə idi. Oteldə hər millətdən çalışanlar var idi. İran, Tayvan, Türkiyə, Cənubi Afrika Respublikası və bir çoxu… Hamısı da bir-birindən mehriban idi. Otelin adminstratorundan savayı, mətbəxin şefi də türkiyəli idi. Hətta gəldiyimiz ikinci gün şəxsən özü bizlə görüşdü, Zəfər günümüzü təbrik etdi.
Avstriyalı gənclərin sayı bu şəhərdə olduqca azdır. Ölkədə iki dövlət universiteti olsa da, onlar xaricdə oxumağa üstünlük verirlər.
Spirtli içki gözlənildiyi kimi Bakı ilə müqayisədə olduqca ucuz idi. Şirniyyatlar da bu kateqoriyaya aiddir. Ümumilikdə 4 gün 4 gecəlik Durnbirn çox gözəl xatirə ilə yaddaşlarımıza həkk oldu.
Millimizin ilk oyunu Lixtenşteynlə idi. Oyunöncəsi mətbuat konftansı 12, oyun isə 13 noyabrda idi. Durnbirndən Vaduza cəmi 31 dəqiqəlik yoldur. Lakin getmək üçün İsçevrədən də keçirsən. İstər Sent Qallen, istər Zürix, istərsə də digər şəhərlər olduqca göz oxşayırdı. Amma mən sizə Lixtenşteynin paytaxtı Vaduzdan danışmaq istəyirəm.
Böyük qəlbləri özündə birləşdirən kiçik ölkə
Lixtenşteyn Suraxanı rayanonundan bir az böyük olar, ya olmaz. Paytaxtı ən böyük ikinci şəhər olan Vaduzdur (ən böyüyü Şaandır- red). Vaduzun şəhər hissəsinə gederkən heyranlıqdan mat qalmışdıq. Bir şəhər bu qədərmi əsrarəngiz olar? Təbiət və tikintinin sintezi ağlasığmaz çalarlar əmələ gətirib. Noyabrın yarısı tamamlanmasa da, yeni il ab-havasını iliyinə qədər hiss edirsən. Mərkəzdə buz meydançası salınmışdı. Kimisə müşahidə etmək üçün istəmədən bir neçə saniyə baxanda “nə baxırsan, ay qaqaş?” demək əvəzinə gülümsəyirlər, hətta salamlaşırlar. Çox qəribədir.
Vaduzda da türkiyəlilərə rast gəldik. Bir əminin maraqlı obyekti var idi. Xeyli söhbət etdik, məlum oldu ki, atası 50-ci illərdə bura köç edib. Dedi ki, kuryerim iki gündür işə gəlmir. Səbəbini soruşduq, dedi ki Azərbaycan millisi ilə matça hazırlaşır. Söhbət Fərhat Sağlamdan gedir - Lixtenşteynin 9 nömrəli hücumçusu. Hətta ikinci hissəədə meydana da çıxdı.
Oyundan əvvəl təkbaşına sorğu edirdim. Birinci qarşıma 4 yerli gənc çıxdı. Biri U-21 millisinin üzvü idi. Açığı, əvvəlcə inanmadım, amma sonra özü də şəkillərini göstərdi və dedi ki, bizdə bütün futbolçular peşəkardır. Deməli, Lixtenşteyndə də futbol yüksək səviyyədə inkişaf edir.
Oyunun sonunda qələbə qazandıq, qrup lideri olduq. Xülasə, nə qədər istəməsək belə, Vaduzla da sağollaşdıq.
Növbəti uçuş üçün yenidən Zürix aeraportuna gəldik. Uçuşumuz üzü Jironaya idi. Ordan da getdik Andorranınn paytaxtı Andorra la Vellaya.
Səfərin kuliminasiya nöqtəsi, Andorra la Vella.
Vaduz haqda dediklərimi unudun. Andorra, nə Andorrasan belə… Hər kəs şokda idi. Dağların arasında salınmış şəhər. Buranı da çox gəzdik. Amma digər ölkələr kimi təkcə gəzmək üçün yox. Həm də ki…
Andorra vergi hüquqlarından azad olunmuş ölkədir. 15-22 noyabr isə alış-veriş festivalı həftəsidir. Qiymətlər olduqca ucuzdur. Hələ ətir mağazalarını demirəm…
Andorra la Vellanın mərkəzində - simvolikasının qarşısında həmkarlarımla şəkil çəkdirirdik. Birdən kimsə arxadan gülərək: “istəyirsizsə, mən çəkim”, - dedi. Çöndük ki, milli komandada son səfərinə gələn Emin Mahmudov. Elə bir yerdə şəkil çəkdirdik, ayaqüstü söhbət etdik.
Yuxu kimi reallıq - Barselona.
Futbolla maraqlanandan “Barelona”nın azarkeşi olmuşam. Bəlkə də məhz buna görə görmək istədiyim bir nömrəli şəhər Barselona olub.
Avtobusla şəhərə girəndə çox qəribə hisslər yaşadım. Bunu sözlərlə ifadə edə bilməyəcəm. Emosialarımı heç cür gizlədə bilmirdim.
Birinci “Saqrada Famillia”ya getdik. Hər kəs şəkil çəkdirirdi. “Eyfel qülləsi”ndən sonra ən çox turist qəbul edən tikili hesab olunur.
Taksi ilə ordan yollandıq “Nou Kamp”a. Taksilər sıra ilə dayanır. Bir əvvəlkinə yaxınlaşanda təkid edir ki, ən qabaqda olan taksiyə min, sıranı pozma. Gizlətməyəcəm, bunu görəndə “Koroğlu”da, “20 Yanvar”dakı taksilər gözümün qabağına gəldi. Təxmini qiymət soruşduq, 20 avro dedilər, 16 avro etdi.
“Kamp Nou”… İniestaların, Xavilərin, Messilərin yetişdiyi ocaq… Arada üzümə su vururdum ki, birdən yuxu olar. Muzey tam olaraq kommersivləşib - əvvəl jurnalistlər pulsuz daxil ola bilirdisə, indi belə deyil. Fanşopa getdim. Burdan nə isə almazdım, özümü stadiona boşuna gəlmiş hiss edərdim. İndi biz “Kamp Nou”ya gəldik, növbə bir neçə gün sonra katalonlardadır. İlk dəfə doğma klubum qalib gəlsə, sevinməyəcəm. Axı “Sabah”ımızın qonağı olacaq.
Çox uzatmayacam, növbəti dayanacağımız əfsanəvi Tibidabo dağı idi. Dağda salınan park 17:00-da bağlanırdı. Biz 17:01-də gəldik deyə icazə verilmədi. Mühafizəçi ilə şirin danışıb bir şəkillik icazə almaq istəsə də, gördük ki, polisə zəng edir, dedik “ok”, gedirik. Amma yenə də zirvədən bütün Barselonanı gördük. Sözün əsl mənasında Barselona ayağımızın altındaydı.
Təəssüf ki, 6 saat vaxtımız var idi. 6 dəqiqə kimi hiss etdiyim 6 saat. Heç vaxt zaman bu qədər tez axıb getmirdi.
İlk işgüzar xarici səfərim idi. Tural Dadaşov demiş, penta-trik etdim - bir səfərə İsçevrə, Avstriya, Lixtenşteyn, Andorra və İspaniyanı gördüm.
Medianın Lixtenşteyn səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
