Pavlyuçenko: "Karpin məni 'Tottenhem'e getməyə razı salmaq üçün həyat yoldaşımla danışdı"


Rusiya millisinin sabiq hücumçusu Roman Pavlyuçenko 2008-ci ildə "Spartak"dan "Tottenhem"ə keçidi ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Pavlyuçenko həmin vaxt "Spartak"ın idman direktoru olan Valeri Karpinin onun transferinə təsirindən danışıb. O bildirib ki, özü İngiltərəyə getmək istəməyib, lakin Karpin oyunçu səfərdə olarkən səhər tezdən evlərinə gedərək həyat yoldaşı ilə danışıb və onu razı salmağa çalışıb. Pavlyuçenko deyib: "Karpin həyat yoldaşıma müraciət edərək, məni İngiltərəyə getməyə və müqavilə imzalamağa razı salmasını istəyib. Mən isə Karpinə deyirdim ki, burada hər şey məni qane edir: maaş, azarkeşlər, əsas heyətin üzvüyəm. O isə bildirdi ki, artıq 'Velliton' var, oynaya bilməyəcəksən. Buna görə inciyib, qərar verdim ki, gedirəm. 'Tottenhem'də oynamağa başlayanda başa düşdüm ki, bu, həqiqi futbol imiş. İlk müsahibəmdə də Karpinə təşəkkür etdim ki, məni 'Spartak'dan göndərdi, futboldan həzz almağıma səbəb oldu. İndi gənc futbolçulara deyirəm: qorxmayın, Rusiyaya qayıtmaq həmişə mümkündür, amma belə bir təcrübəni sınamaq lazımdır. Heç vaxt peşman olmamışam".
