Paşinyanın siyasəti Ermənistanı KTMT-də səs hüququndan məhrum etdi: İrəvan üzvlüyün üstünlüklərini itirmədən öhdəliklərdən yayınmağa çalışır


“Ermənistanı təşkilatdan çıxarmayıblar, sadəcə üzvlük haqqı ödəməyən və fəaliyyətində iştirak etməyən üzvün tamhüquqlu müttəfiq olduğunu göstərməkdən imtina ediblər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri Rusiyanın “Ritmeurasia.ru” nəşrinə istinadən yazıb.
Məqalədə bildirilir ki, noyabrın 11-də Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammitində Ermənistanın son iki ildə nümayiş etdirdiyi siyasətin nəticələri rəsmiləşdirilib. İrəvan Paşinyan və onun ətrafının ifadə etdiyi yanaşmaya uyğun olaraq təşkilatda iştirakını “dondurub”, lakin üzvlükdən rəsmən çıxmayıb.
“İndi Paşinyan hakimiyyəti öz addımlarının cavabını yalnız bəyanatlarla deyil, konkret qərarla alıb. Ermənistan KTMT-də səs hüququndan məhrum edilib. Bunun formal əsası təşkilatın nizamnaməsinin 25-ci maddəsidir. Həmin maddə üzvlük haqlarının uzun müddət ödənilməməsi ilə bağlıdır”, - deyə nəşr yazıb.
Məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qərarın mahiyyəti ilə bağlı açıqlaması xatırladılır. Bildirilir ki, qərar KTMT Katibliyində vəzifələrə Ermənistan vətəndaşlarının namizədliyinin irəli sürülməsinin məhdudlaşdırılmasını və Ermənistanın səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.
“Bununla yanaşı, İrəvan əsas hüquqlarını, ilk növbədə kollektiv müdafiə hüququnu saxlayır. KTMT-nin baş katibi Talatbek Masadikov Ermənistanın təşkilatdan çıxarılması məsələsinin gündəmdə olmadığını vurğulayıb. Onun sözlərinə görə, borc ödənildikdən və dövlət başçıları müvafiq qərar qəbul etdikdən sonra Ermənistanın tamhüquqlu üzvlüyü bərpa oluna bilər”, - deyə məqalədə qeyd olunub.
Erməni siyasi şərhçi Karen İgityan baş verənləri məcburi tədbir və İrəvanın özünü təşkilatdan kənarlaşdırmasının texniki rəsmiləşdirilməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Ermənistan səsvermə hüququ olmayan müşahidəçi vəziyyətinə düşür, lakin üzvlüyün saxlanılması gələcəkdə təşkilata qayıtmaq üçün qapını açıq qoyur.
Məqalədə Ermənistanın bu vəziyyətə necə gəlib çatdığı da xronoloji ardıcıllıqla göstərilir. Bildirilir ki, 2022-ci ilin mayında Paşinyan KTMT-ni Qarabağa qoşun yeritmək barədə müraciətlərə məhəl qoymamaqda ittiham edib. 2023-cü ilin noyabrında Minskdə keçirilən sammitdə iştirak etməyib. 2024-cü ilin fevralında “France 24” telekanalına müsahibəsində təşkilatda iştirakın “dondurulduğunu” açıqlayıb, mart ayında isə KTMT-dən çıxmaq məsələsini gündəmə gətirib.
“Bundan sonra İrəvan təşkilatın illik büdcəsinin 10 faizini təşkil edən üzvlük haqlarının ödənilməsini dayandırdı. 2024-cü ilin sentyabrında Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyi, mövcudluğu və suverenliyi üçün təhdid yaratdığını bildirdi. 2026-cı ilin avqustunda ölkənin təşkilatdan çıxarılmasından məmnun olacağını söylədi, noyabrın 5-də isə KTMT-yə marağın tükəndiyini bəyan etdi”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, İrəvan bununla belə, təşkilatdan könüllü şəkildə çıxmaq istəmir. Paşinyan üçün qeyri-müəyyən vəziyyətdə qalmaq və KTMT-ni fəaliyyətsizlikdə ittiham etmək rəsmən çıxmaqdan daha əlverişli hesab olunur.
“Çünki Azərbaycanla hərbi əməliyyatların yenidən başlanması ehtimalı yaranacağı təqdirdə təşkilatdan çıxmağın siyasi məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşə bilər”, - deyə nəşr bildirib.
Erməni ekspert Karen İgityanın qiymətləndirməsinə görə, Paşinyanın hazırda KTMT-dən çıxmaq müqabilində əldə edə biləcəyi Qərbin möhkəm təhlükəsizlik təminatları yoxdur. “Buna görə də təşkilatın qərarı İrəvanda təqdim edilə biləcəyi kimi “qovulma” deyil, güzgü effekti verən cavabdır. KTMT sadəcə Ermənistan hakimiyyətinin özünün etdiklərini rəsmiləşdirib: üzvlük haqqını ödəməyi dayandırıb, iştirakdan imtina edib və öhdəliklərini tanımaq istəməyib”, - deyə o bildirib.
Nəşr səsvermə hüququndan məhrum edilməni ilk növbədə təşkilat daxilində nizam-intizamın qorunması baxımından əsaslandırır.
“İllərlə bir təşkilatın üzvü olmaq, üzvlük haqqını ödəməmək və eyni zamanda onun gündəliyinə təsir göstərmək hüququ tələb etmək olmaz. Üzvlük haqları kollektiv müdafiə mexanizmlərinin və müvafiq missiyaların maliyyələşdirilməsinə yönəldilir. Kollektiv müdafiədən istifadə etmək istəyən ölkə bu sistemi təmin edən strukturları maliyyələşdirməlidir”, - deyə nəşr yazıb.
Məqalədə Paşinyanın “mən hələ də təşkilatın üzvüyəm, lakin hesab edirəm ki, o, suverenliyim üçün təhdid yaradır” yanaşması da tənqid olunur.
“Bu, tərəfdaşlıq deyil, üzvlük pərdəsi altında siyasi təxribatdır. Müdafiə hüququnu saxlayaraq səsvermə hüququndan məhrum edilmək mümkün olan ən yumşaq cavabdır. İrəvanı təşkilatdan qovmayıblar, sadəcə ona sükanı verməyi dayandırıblar”, - deyə məqalədə vurğulanıb.
Nəşrin yazdığına görə, Ermənistanın təşkilatdan tamamilə çıxarılması Rusiyaya qarşı qüvvələrə siyasi üstünlük verə bilərdi. Belə bir qərar Paşinyan hakimiyyətinə Cənubi Qafqazda Moskvanın təsirinin zəiflədiyini iddia etmək üçün fürsət yaradardı. Rusiyanı regiondan sıxışdırmaq niyyətini bəyan edən Qərb üçün də bu, əlverişli nəticə olardı.
“Ermənistanın “dondurulmuş”statusda saxlanılması ən real variantdır. Qapı açıq qalır, lakin borclar ödənilənə qədər stullar götürülüb”, - deyə nəşr qeyd edib.
Məqalədə üzvlüyün saxlanılmasının Ermənistan üçün təhlükəsizlik baxımından əhəmiyyət daşıdığı da bildirilir. Qeyd olunur ki, KTMT-də de-yure üzvlük Rusiya-Ermənistan təhlükəsizlik münasibətləri sisteminin bir hissəsi olaraq qalır.
“İrəvan təşkilatın tərkibində olduğu müddətdə kollektiv müdafiə hüququna nəzəri baxımdan malikdir. Əlaqələrin tamamilə kəsilməsi Ermənistanı bu imkandan da məhrum edərdi”, - deyə məqalədə yazılıb.
Nəşr Ermənistan hakimiyyətinin qərbyönümlü siyasətini də tənqid edir və bu siyasətin təhlükəsizlik təminatları ilə bağlı real nəticələr vermədiyini iddia edir.
“İrəvan KTMT-də iştirakını dondurub, üzvlük haqlarını ödəməkdən imtina edib, təşkilatı açıq şəkildə nüfuzdan salıb, lakin bunun müqabilində Qərbdən heç bir təhlükəsizlik təminatı almayıb. Əldə edilənlər Qərb telekanallarına müsahibələr və iqlim konfranslarında iştirakdan ibarət olub”, - deyə nəşr yazıb.
Məqalənin yekununda vurğulanır ki, Ermənistan KTMT-də təsir imkanlarını itirib və səsvermə hüququ olmayan müşahidəçi vəziyyətinə düşüb. Kollektiv müdafiə hüququ saxlanılsa da, İrəvan təşkilatın gündəliyinə təsir göstərmək imkanından məhrum olub.
“Əsas dərs budur: təşkilat Ermənistanı qovmayıb. Sadəcə üzvlük haqqı ödəməyən və fəaliyyətində iştirak etməyən üzvün tamhüquqlu müttəfiq olduğunu göstərməkdən imtina edib. İrəvan səsvermə hüququnu bərpa etmək istəyirsə, yol aydındır: borcu ödəmək və fəaliyyətə qayıtmaq. Əks halda, qeyri-müəyyən vəziyyət Paşinyan nəticələrə görə cavab verməli olana qədər davam edəcək”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu Ordu.az