Paşinyanın qarşısında 7 səs problemi var: Sülh müqaviləsinin taleyi necə olacaq?


"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəl olan yeganə məsələ Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlıdır. Məhz bunun üçün Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsas şərt konstitusiya dəyişikliklərinin həyata keçirilməsi məqsədilə referendumun təyin olunmasıdır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.
Onun sözlərinə görə, Paşinyan bu gün bəyan edib ki, gələn həftə yeni konstitusiya layihəsini dərc edəcəklər və ictimai müzakirələrə başlanılacaq.
"Paşinyan əminliyini ifadə edib ki, erməni cəmiyyəti bu dəyişikliklərə səs verəcək. O, açıq şəkildə bəyan edib ki, köhnə konstitusiya Daşnaksütyun ideologiyası əsasında yazılıb və orada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı İstiqlal Bəyannaməsinə istinad var. Eyni zamanda, Türkiyə ərazilərinə iddia kimi Qərbi Ermənistan ifadəsi də yer alır.
Bu baxımdan, əlbəttə ki, referendumun keçirilməsi bu gün şərtdir və onsuz Azərbaycanda sülh müqaviləsinin imzalanması real deyil. Hər halda, Paşinyan və onun komandası bu məsələyə optimist yanaşırlar. Onlar hesab edirlər ki, erməni cəmiyyəti bu layihəyə səs verə bilər. Hətta Paşinyan öz siyasi karyerasını belə bu məsələ ilə bağlı, necə deyərlər, masaya yatırıb və bildirib ki, dəyişikliklər olmasa, yeni konstitusiya qəbul edilməsə, o zaman öz postunu tərk edəcək. Eyni zamanda, müxalifətə qarşı da həm Paşinyan, həm də Təhlükəsizlik Şurasının katibi Simonyan tərəfindən kifayət qədər sərt mövqe sərgilənib. Bu baxımdan, Ermənistanda gələn həftə dərc olunacağı gözlənilən konstitusiya layihəsi ətrafında ictimai müzakirələr bir neçə ay davam edə bilər.
Ardınca parlament qərar qəbul etməlidir, amma burada bir problem var. Belə ki, referendumun keçirilməsi ilə bağlı qərarın qəbul olunması üçün üçdə iki səsə, yəni 71 deputatın səsinə ehtiyac var. Paşinyanın partiyasının isə parlamentdə 64 yeri var. Söhbət yeddi səsdən gedir və həmin yeddi səs tapılmalıdır. Paşinyan da bildirib ki, bu baş verməyəcəyi halda müxalifətə ictimai təzyiq göstərməyə çalışacaq", - deyə siyasi şərhçi əlavə etdi.
O.Qasımov hesab edir ki, əgər işlər nəzərdə tutulduğu kimi getsə və müxalifətlə də müəyyən razılaşma əldə olunsa, gələn ilin əvvəllərində, yanvar-fevral aylarında referendum keçirilə bilər:
"İlin birinci yarısında, yəni may-iyun aylarında da referendumun keçirilməsi mümkündür. Bu, normal şərtlərdə, hər hansı problem yaranmayacağı təqdirdə baş verə bilər. Problemlər yaranarsa və qərar qəbul etmək mümkün olmazsa, təbii ki, Ermənistanda siyasi vəziyyət yenidən daha ciddi şəkildə gərginləşə bilər. Hər şey nəzərdə tutulduğu kimi getsə və referendumun nəticələri qənaətbəxş olsa, o zaman dərhal sülh müqaviləsi bağlana bilər. Xatırlayırsınız, Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, referendum keçirilib konstitusiya dəyişiklikləri qəbul olunan günün sabahısı Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır".
NURİYYƏ
1 mənbə