Paşinyan Köçəryanın benzin idxalının həcmini bilməsini korrupsiya ilə əlaqələndirib


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Köçəryanın prezidentliyi dövründə benzin idxalının həcmi barədə məlumatlı olmasını həmin sahədə mümkün maliyyə maraqları ilə əlaqələndirib.
Ordu.az xəbər verir ki, Paşinyan noyabrın 19-da keçirilən brifinqdə jurnalist və redaktor işlədiyi dövrdə prezident Köçəryanla görüşdə iştirak etdiyini xatırladıb.
Onun sözlərinə görə, söhbət zamanı Köçəryan benzin idxalının həcmi ilə bağlı rəqəmlər səsləndirib və bu, Paşinyanı təəccübləndirib.
“Düşündüm ki, ölkənin birinci şəxsi niyə nə qədər benzin idxal edildiyini bilir? Qərara gəldim ki, hər litrdən öz payı olduğu üçün bunu bilir. Eynilə “Düyməcik” nağılındakı köstəbək kimi”, - deyə Paşinyan bildirib.
Paşinyan bu məsələni Gürcüstan tərəfi ilə “Ardşinbank” arasında 1 milyard dollardan artıq dəyəri olan sövdələşmə barədə nə bildiyi ilə bağlı suala cavab verərkən xatırladıb.
Ermənistanın baş naziri sövdələşmədən xəbərdar olmadığını bildirib.
“Əgər qanundan kənar nəsə varsa, bununla məşğul olacaq qurumlar var. Mən niyə bilməliyəm? Hökumətin aidiyyəti ola biləcəyi, icazə verə biləcəyi məsələlər qədər məlumatlı ola bilərəm. Qalan məsələlərə aidiyyətim yoxdur. Nə qədər benzin idxal edildiyini bilmirəm. Mən bilməliyəm ki, çatışmazlıq var, ya yox. Qalanı mənim işim deyil”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə