Ağır əl travması alan pasiyentin barmaqları xilas edildi


19.11.2026
Son illər ölkəmizin regionlarında səhiyyə infrastrukturunun yenilənməsi, tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunması və peşəkar kadr potensialının gücləndirilməsi yerlərdə ən mürəkkəb tibbi müdaxilələrin belə uğurla icra edilməsinə geniş imkanlar açıb. Xüsusilə təcili və təxirəsalınmaz hallarda həkimlərimizin operativliyi və yüksək peşəkarlığı insanların sağlamlığının və həyat keyfiyyətinin qorunmasında həlledici rol oynayır.
ELAZ.INFO xəbər verir ki, növbəti belə uğurlu tibbi müdaxilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həyata keçirilib. Belə ki, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü kişi cinsli pasiyent ağır əl travması — sol əlinin II və III barmaqlarının subamputasiyası diaqnozu ilə təcili olaraq xəstəxanaya müraciət edib. Vaxt itirilmədən pasiyent üzərində zəruri instrumental müayinələr aparılıb, vəziyyəti dəqiq qiymətləndirildikdən sonra o, dərhal təcili əməliyyata alınıb.
Xəstəxananın təcrübəli cərrahi komandasının gərgin əməyi və yüksək peşəkarlığı sayəsində yaranın ilkin cərrahi işlənilməsi, eləcə də II və III barmaqların açıcı vətərlərinin tikilməsi əməliyyatı uğurla icra olunub. Həkimlərin vaxtında və dəqiq müdaxiləsi nəticəsində pasiyentin əl funksiyalarının bərpası üçün mühüm addım atılıb.Qeyd edək ki, bu cür mürəkkəb cərrahi əməliyyatların paytaxta üz tutmadan, birbaşa region xəstəxanalarında yüksək səviyyədə icra olunması səhiyyəmizin inkişafının və tibb işçilərimizin fədakarlığının bariz nümunəsidir.
Ruslan MƏMMƏDOV
👁 160
Ordu.az+1 mənbə