Oğuz rayonunda narkotiklərlə mübarizəyə dair maarifləndirici tədbir təşkil olunub


Bakı, 18 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün növbəti maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və rayon təhsil sektorunun nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti barədə danışıblar.
Çıxışçılar xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat verilib.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.
1 mənbə
