Nərman Qocatürk hadisəsi və təhsilimizin nüfuzuna vurulan zərbə


Bəzən bir xəbər təkcə bir insanın taleyi ilə bağlı olmur.
O xəbər bütöv bir sistemin, bir institutun, illər ərzində formalaşdırdığı nüfuzun müzakirəsinə səbəb olur.
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Nərman Süleymanovun – Nərman Qocatürkün meyitinin yaşadığı mənzildə aşkarlanması da belə xəbərlərdən biridir.
Məsələnin ən ağır tərəfi yalnız onun ölümü deyil. Bu hadisədən bir neçə gün əvvəl mediada haqqında yayılan məlumatlar, keçmiş tələbələrin səsləndirdiyi iddialar, müəllim-tələbə münasibətlərinin mümkün şəkildə şəxsi maraqlar naminə istismar edilməsi barədə deyilənlər də ciddi suallar doğurur.
Mətbuatda yayılan məlumatlara görə, bir qrup keçmiş tələbə Nərman Süleymanovla bağlı müxtəlif iddialar irəli sürüb.
Onların sözlərinə görə, müəllim tələbələrlə akademik münasibətlərin sərhədlərini aşmağa çalışıb, bəzilərindən intim xarakterli fotoşəkillər istəyib, şəxsi münasibətləri imtahan və qiymətləndirmə məsələləri ilə əlaqələndirib.
Bu iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək artıq müvafiq qurumların işidir. Heç kimin barəsində araşdırma aparılmadan hökm vermək olmaz. Eyni zamanda, ölüm faktını da avtomatik şəkildə əvvəlki məlumatlarla əlaqələndirmək doğru deyil.
Mediada onun intihar etdiyi barədə məlumatlar da yayılır. Lakin ölümün bütün təfərrüatları, səbəbi və baş vermə şəraiti rəsmi araşdırmanın nəticələri ilə aydınlaşmalıdır.
Ancaq bir məqam var ki, onun müzakirəsi üçün istintaqın yekunlaşmasını gözləməyə ehtiyac yoxdur. Universitet müəlliminin adı ətrafında bu cür iddiaların yaranması, keçmiş tələbələrin belə şikayətlərlə ictimaiyyətə müraciət etməsi özü-özlüyündə təhsil sistemi üçün ciddi siqnaldır.
Universitet sadəcə diplom verən müəssisə deyil. O, həm də etimad məkanıdır. Tələbə auditoriyaya yalnız bilik almaq üçün daxil olmur, eyni zamanda özünü təhlükəsiz, hüquqları qorunan və ləyaqətinə hörmət edilən bir mühitdə hiss etməlidir. Müəllimlə tələbə arasındakı münasibət isə bu etimadın üzərində qurulmalıdır.
Həmçinin bu hadisəyə yalnız bir müəllimin adı ətrafında yaranmış qalmaqal kimi baxmaq da yetərli deyil. Görəsən, universitetlərdə tələbələrin şikayətlərini dinləyən, onların hüquqlarını müdafiə edən real və müstəqil mexanizmlər varmı?
Tələbə müəllimindən şikayət etdikdə akademik təzyiqə məruz qalmayacağına əmin ola bilirmi?
Belə halların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri mövcuddur?
Bəlkə də, Nərman Süleymanovla bağlı yayılan məlumatlar daha geniş problemlərin görünən tərəfidir.
Bəlkə də, başqa universitetlərdə, başqa auditoriyalarda da danışılmayan, şikayətə çevrilməyən, qorxu və çarəsizlik üzündən gizli saxlanılan oxşar hallar var.
Bunları araşdırmadan, tələbələrin müraciətlərinə ciddi yanaşmadan, universitet daxilində sağlam münasibət mühiti formalaşdırmadan məsələni bağlamaq olmaz.
Bu baxımdan, həm Nərman Süleymanovun ölümü, həm də onun haqqında yayılan iddialar hərtərəfli araşdırılmalıdır. Keçmiş tələbələrin ifadələri dinlənilməli, təqdim etdikləri materiallar yoxlanılmalı, universitetin bu məsələdəki mövqeyi aydınlaşdırılmalıdır. Əgər başqa şikayətlər və oxşar faktlar varsa, onlar da üzə çıxarılmalıdır.
Burada məqsəd kimisə əvvəlcədən günahkar elan etmək deyil. Məqsəd həqiqəti üzə çıxarmaq, tələbələrin hüquqlarını qorumaq və təhsil mühitində etimadı bərpa etməkdir.
Çünki müəllim haqqında belə iddiaların yayılması, hətta onların hələ hüquqi qiymətini almadığı şəraitdə belə, təhsil adına zərbədir. Universitetin nüfuzu yalnız elmi məqalələrin, professor adlarının, beynəlxalq reytinqlərin sayı ilə ölçülmür. O nüfuzun ən mühüm göstəricilərindən biri də auditoriyada oturan tələbənin özünü nə qədər güvəndə hiss etməsidir.
Bir universitetdə tələbə müəllimindən qorxursa, orada təhsilin keyfiyyətindən danışmaq da çətinləşir. Bu hadisə isə ən azı bir həqiqəti xatırladır. Təhsil müəssisələrində yalnız biliyin deyil, insan ləyaqətinin də qorunmasına ehtiyac var.
Elmar Gununsesi.info
