Nazir və Penitensiar Xidmətin yeni rəisi qalmaqallı müəssisəyə getdi


Ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev 15 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər.
Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, qəfil ziyarət son dövrlərdə adıçəkilən müəssisədə məhbusların ağır saxlanma şəraiti, antisanitariya və digər problemlərlə üzləşməsi barədə mediada yayılan məlumatlardan sonra gerçəkləşib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bloqer Rəşad Ramazanov müəssisədəki vəziyyətlə bağlı ciddi şikayətlər səsləndirmişdi. O, koloniyada təxminən 1500 məhbusun saxlanıldığını, yataq yerlərinin çatışmadığını, bəzi məhbusların yerdə yatmağa, digərlərinin isə növbə ilə dincəlməyə məcbur qaldığını bildirmişdi.
Ramazanov antisanitariya, tualet çatışmazlığı, keyfiyyətsiz qidalanma, kazarmalarda soyuq və tibb məntəqəsində dərman təminatı ilə bağlı problemlərdən də danışmışdı.
Bundan başqa, həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı da eyni ittihamları səsləndirib.
Müəssisənin adı 2026-cı ilin iyulunda daha bir hadisə ilə gündəmə gəlmişdi. Belə ki, 15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbus qaçmış, sonradan Şəki rayonunda saxlanılmışdı.
Beləliklə, 15 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı mətbuatda müxtəlif vaxtlarda səsləndirilən bu iddialar nazirin və Penitensiar Xidmətin yeni rəhbərinin səfərini xüsusi diqqət mərkəzinə gətirir.
Səfər zamanı müəssisədəki mövcud vəziyyətlə tanışlıq, məhbusların saxlanma şəraiti və gündəlik təminatı ilə bağlı məsələlərin müzakirə edildiyi deyilir.
Qeyd edək ki, Sahib Rzayev 27 oktyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin olunub.
Məhbusların səsləndirdiyi şikayətlərin nə dərəcədə araşdırılacağı və illərdir gündəmdə olan problemlərin aradan qaldırılması istiqamətində hansı addımların atılacağı isə yeni rəhbərliyin qarşısında duran əsas məsələlərdəndir.
Bunu isə zaman göstərəcək.
Dərc vaxtına görə
