Nazir: Naxçıvanda ceyranların yaşaması və çoxalması üçün əlverişli şərait var


Naxçıvan Muxtar Respublikasında ceyranların reintroduksiyası, yaşıllıq sahələrinin bərpası və meşəsalma tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində muxtar respublikada silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də ceyranların təbii areallarına qaytarılması və müəyyən ərazilərdə ağacların əkilməsidir.
Nazir qeyd edib ki, muxtar respublikanın yarımsəhra və quru çöl iqliminə malik bəzi əraziləri ceyranların yaşaması və çoxalması üçün əlverişli şəraitə malikdir:
“Ərazilərin əsasən efemer bitkilərlə örtülməsi ceyranların qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ərazidən çayın keçməsi və Nazirlik tərəfindən müxtəlif yerlərdə su novlarının çəkilməsi heyvanların su təminatı üçün əlverişli mühit yaradır”.
Xanlar Mustafayevin sözlərinə görə, muxtar respublikada plana uyğun olaraq 485 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirləri nəzərdə tutulub. Yaz əkinləri çərçivəsində işlərin bir hissəsi artıq həyata keçirilib, payız əkinləri üzrə tədbirlər isə davam etdirilir.
Nazir əlavə edib ki, yeni yaşıllıq sahələrinin inventarlaşdırılması, ağac növləri və sayları barədə məlumatların rəqəmsal sistemə daxil edilməsi istiqamətində də işlər görülür.
Bildirilib ki, xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fonduna daxil olmayan yaşıllıqlar istisna olmaqla, muxtar respublika üzrə ümumilikdə 2500 hektar ərazini əhatə edən yaşıllıq sahələrinin rəqəmsal xəritələri hazırlanıb, yaşıllıqların kadastrı yaradılaraq bölgüsü aparılıb. Aidiyyəti qurumlar və yerli icra hakimiyyəti orqanları arasında həmin ərazilərin idarə olunması və məsuliyyət bölgüsü ilə bağlı işlər də yekunlaşdırılıb.
Xanlar Mustafayev vurğulayıb ki, növbəti mərhələdə bu ərazilərdə bərpa işlərinə üstünlük veriləcək, yaşıllaşdırılacaq sahələrdə damcılı suvarma sistemlərinin qurulması və meyvə ağaclarının əkilməsi planlaşdırılır.
Nazir, həmçinin bildirib ki, su bioresurslarının artırılması və akvakulturanın inkişafı ilə bağlı bəzi funksiyaların Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər fauna növlərinin reintroduksiyasına və tarixi areallarına qaytarılmasına daha çox diqqət yetirəcək.
Onun sözlərinə görə, növbəti illərdə muxtar respublikanın təbii şəraitinə uyğun fauna növlərinin təbiətə qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1 mənbə
