Naxçıvan sakini Van şəhərində 8 saatlıq əməliyyatla xilas edilib


ANZ.AZ xəbər verir ki, Naxçıvanda yaşayan 32 yaşlı Xanım Tağıyeva qəfil başlayan bel və döş qəfəsi ağrıları ilə tibb müəssisəsinə müraciət edib. Müayinələr zamanı ona I tip aorta disseksiyası diaqnozu qoyulub. Xəstədə, həmçinin, ağır dərəcəli ürək qapağı çatışmazlığı və Marfan sindromu aşkarlanıb.
Məlumatlara görə, xəstə əvvəlcə İğdır Dövlət Xəstəxanasına göndərilib, burada ilkin müdaxilə olunub. Daha sonra Van Regional Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.
Gecə saat 21:00 radələrində əməliyyata alınan xəstəyə ürək-damar cərrahı və 10 nəfərlik tibbi heyət tərəfindən təxminən 8 saat davam edən mürəkkəb əməliyyat aparılıb. Əməliyyatda nadir tətbiq olunan Cabrol prosedurundan istifadə edilib.
Reanimasiya mərhələsini başa vuran xəstənin vəziyyətinin yaxşı olduğu və palataya köçürüləcəyi bildirilib.