Eyni mənzil bir neçə nəfərə satıldı: “İnşaat Konstruksiyaları” ilə bağlı yeni şikayət


Bakıda tikinti şirkəti ilə bağlı daha bir narazılıq yaranıb. Bu dəfə gənc ailə övladı üçün aldığı mənzilin başqa şəxslərə də satıldığını iddia edir.
Tiraj.az xəbər verir ki, şikayətçi Əyubov Allahyar Yusif oğlu Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binadan övladı üçün birotaqlı mənzil alıb. Lakin sonradan məlum olub ki, həmin mənzil bir neçə nəfərə satılıb.
Şikayətçinin sözlərinə görə, ailə uzun müddət mənzil almaq üçün vəsait toplayıb. Ancaq bütün zəhmətləri şirkətin qanunsuz əməlləri nəticəsində puça çıxıb. O, baş verənlərə görə MMC-nin sahibi Rauf Əliyevi məsuliyyətli hesab edir.
Allahyar Əyubov iddia edir ki, sonradan şirkət rəhbərliyinin oxşar üsulla başqa vətəndaşlara da zərər vurduğunu öyrənib. Onun sözlərinə görə, Rauf Əliyevlə bağlı müxtəlif instansiyalara şikayətlər edilib və barəsində cinayət işi də açılıb. Buna baxmayaraq, şirkət rəhbərinin hələ də azadlıqda olması və fəaliyyətini davam etdirməsi zərərçəkənlərdə ciddi suallar yaradıb.
Şikayətçi məktubunda Rauf Əliyevin guya yüksək vəzifəli şəxslərdən birinin himayəsində olduğunu söylədiyini də iddia edib. Bununla belə, o, həmin şəxsin adını açıqlamaq istəmədiyini, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının tərəfdarı olduğunu bildirib.
Əyubov Allahyar Yusif oğlu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək ailəsinin üzləşdiyi problemin həllinə kömək göstərilməsini istəyib. O, mənzil almaq üçün ödədiyi vəsaitin geri qaytarılmasına nail olmaq üçün aidiyyəti qurumların müdaxiləsini xahiş edib.
Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC ətrafında yaranan narazılıqlar yeni deyil. Baş Prokurorluğun 27 may 2025-ci il tarixli məlumatında şirkətin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikdiyi binada eyni mənzillərin bir neçə şəxsə satılması faktı üzrə 194 zərərçəkmişin müəyyən edildiyi açıqlanıb.
Rəsmi məlumata görə, vətəndaşlara vurulan ümumi zərər 12 milyon manatdan çox olub. İbtidai istintaq zamanı 153 şəxsə 9 milyon manatdan artıq vəsaitin qaytarılması təmin edilib. Bundan əlavə, şirkətin vəzifəli şəxsləri ilə bağlı ayrıca icraata ayrılmış digər cinayət işi üzrə daha 28 nəfərə 1,5 milyon manatdan artıq pul ödənilib.
Baş Prokurorluq həmin açıqlamasında MMC-nin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov və maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində aparılan cinayət işi üzrə ibtidai istintaqın 2023-cü ildə yekunlaşdığını və materialların baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini bildirib.
Şirkətlə bağlı digər narazılıqlar da mövcuddur. Belə ki, MMC-nin Nizami rayonu, Mehdi Abbasov küçəsi 25/38 ünvanında inşa etdiyi binadan mənzil alan təxminən 240 nəfərin də uzun müddət evlərinə köçə bilmədiyi barədə məlumatlar yayılıb.
Məlumatlara görə, binanın tikintisinə 2017-ci ilin avqustunda başlanılıb, 2019-cu ilin avqustunda təhvil verilməsi planlaşdırılıb. Lakin tikinti işləri nəzərdə tutulan vaxtda başa çatmayıb. Sakinlər şirkət rəhbərliyinin dəfələrlə vəd verməsinə baxmayaraq, problemin həll edilmədiyini bildiriblər. Həmin binada da bəzi mənzillərin bir neçə nəfərə satıldığı iddia olunub.
Beləliklə, “İnşaat Konstruksiyaları” MMC ilə bağlı illərdir davam edən mənzil mübahisələri yenidən gündəmə gəlib. Yeni şikayət isə göstərir ki, əvvəlki problemlərdən zərər çəkdiyini deyən vətəndaşların bir qismi hələ də öz hüquqlarının bərpasını gözləyir.
Arif
1 mənbə
