“Mossad” ABŞ-ni İrana qarşı qızışdırır - Tramp nə edəcək?


İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Hofman ABŞ-ni İrana qarşı hərbi zərbələri yenidən başlamağa çağırıb.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, İsrail kəşfiyyatının rəhbəri Vaşinqtona səfəri çərçivəsində Donald Tramp administrasiyasının nümayəndələri ilə görüş keçirib. Görüşdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff də iştirak edib.
Roman Hofman amerikalı rəsmilərə Tehranının nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edib və İrana qarşı bir neçə gün davam edəcək yeni hərbi əməliyyatın keçirilməsini təklif edib. Nəşr yazıb ki, ABŞ Prezidenti Donald Tramp hələlik İrana qarşı bundan sonrakı addımlarla bağlı mümkün variantları nəzərdən keçirir.
Bəs ABŞ buna necə reaksiya verəcək?
Bu barədə politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlama verib.
O, İsrailin Amerikanın son aylarda yürütdüyü siyasətdən narahat olduğunu vurğulayıb:
“Hətta bununla əlaqədar iki yaxın dövlət arasında müəyyən problemlər də yaranmışdı. Biz də vaxtaşırı, xüsusilə seçkilər ərəfəsində bununla bağlı fikirlər səsləndirmişdik ki, Amerika artıq Netanyahunun üzərindən xətt çəkib. Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkiləri və Amerikadakı aralıq seçkiləri ərəfəsində bu gərginlik özünü daha açıq şəkildə büruzə vermişdi. Biz onun da şahidi olduq ki, Netanyahu artıq Amerika üçün vazkeçilməz şəxs deyil. Trampın seçkilərdən sonrakı davranışları da bunu açıq şəkildə göstərməyə başlayıb. Bütün bunların kökündə isə Netanyahunun Amerikanın İranla bağlı siyasətində müəyyən dərəcədə yumşalmalara getməsindən narazılığı dayanır. İsrail çalışır ki, Amerika İranı birdəfəlik sıradan çıxarsın. Amma görünən odur ki, Birləşmiş Ştatlar bunu çox istəsə də, məsələnin o qədər də asan olmadığını son doqquz ayda daha açıq şəkildə görməyə başladıq”.
Ekspert İsrailin daim Amerikanı təhrik etməyə çalışacağını bildirib:
“İsrail Amerikanı təhrik etməyə çalışacaq ki, İranla bağlı qəti addımlar atsın və İranı, daha ağır ifadə ilə desək, yerində oturtsun. Amma bu mümkündürmü? Hazırkı durumda bunun mümkün olmadığı açıq şəkildə özünü göstərir. Əgər bu mümkün olsaydı, hər halda Tramp, üzr istəyirəm, seçkilərə qədər bu məsələni həll edərdi və seçkilərdə də üstünlüklə qalib gələrdi. Hətta Trampın aralıq seçkilərində istədiyinə nail ola bilməməsinin, uğursuzluğunun əsas səbəblərindən biri kimi də İranla bağlı siyasəti göstərilir. Ona görə də İsrail, dediyimiz kimi, bundan sonra da İran məsələsində Amerikanı təhrik etməyə davam edəcək. Lakin düşünmürəm ki, istədiyinə nail ola bilsin. Amerika oturuşmuş sistemə malik bir cəmiyyətdir və hər şeyi düzgün hesablayıb ona uyğun hərəkət edən, bəzən hətta dövlətçilik qürurunu belə arxa plana keçirə bilən bir ölkədir. Ona görə də düşünmürəm ki, bu çağırışların hər hansı bir faydası olsun”.
Bəsti Rəfizadə
Sfera.az