“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov


Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün mümkün səbəbləri barədə fikirlərini bölüşüb.
Azpost.info-nun məlumatına görə, diplomat hesab edir ki, görüşün üçtərəfli formatda keçirilməsinin əsas izahı nüvə silahı ilə bağlı qüvvələr balansıdır.
Zülfüqarovun sözlərinə görə, ABŞ və Rusiyanın birlikdə təxminən 12 min nüvə başlığı var. Çində isə bu göstərici təxminən 600-dür. O, həmçinin ABŞ və Çin iqtisadiyyatlarının hər birinin Rusiya iqtisadiyyatından 15–20 dəfə böyük olduğunu qeyd edib.
Sabiq nazirin diqqət çəkdiyi digər məqam Ukrayna məsələsinin müzakirə olunmadığı barədə açıqlamadır. Onun fikrincə, görüşün əsas mövzusu nüvə silahlarına və texnologiyalarına nəzarət olub. Bu isə İran məsələsinin müzakirələrin mərkəzində dayandığını ehtimal etməyə əsas verir.
T.Zülfüqarov hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Çindən İran rəhbərliyini nüvə silahı ilə bağlı irəli sürülən ultimatumun şərtlərini qəbul etməyə razı salmaq üçün kömək istəyib və ya bunu tələb edib. Onun fikrincə, əks halda İrana qarşı hərbi zərbələrin davam etdirilməsi ssenarisi reallaşa bilər. Bu dəfə hücumların neft hasilatı da daxil olmaqla, ölkənin həyati əhəmiyyətli infrastrukturunu hədəfə alması mümkündür.
Diplomat belə bir ssenarinin nəticələrinin yalnız İranla məhdudlaşmayacağını düşünür. Onun qənaətinə görə, ən böyük zərəri Çin, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatları və öz enerji resursları olmayan digər dövlətlər görə bilər.
T.Zülfüqarov vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi qaçılmaz olaraq genişmiqyaslı iqtisadi böhran ehtimalını artıracaq.
N.Talıblı
AzPost.az
Post navigation
1 mənbə