Ağdamın azadlığı və Böyük Qayıdış Dövlət siyasətinin və milli həmrəyliyin təntənəsidir!


Azərbaycanın müasir tarixində Ağdamın azad olunması xalqımızın milli iradəsinin və dövlətimizin qətiyyətinin mühüm təzahürlərindən biridir. 20 Noyabr tarixi bu baxımdan həm keçmişin ağrılı hadisələrini xatırladır, həm də gələcəyə yönəlmiş quruculuq siyasətinin nəticələrini nümayiş etdirir.
Ağdam uzun illər ərzində işğalın ağır nəticələri ilə üzləşmiş, əhalisi doğma yurdlarından didərgin salınmışdır. Şəhərin dağıdılması və mədəni irsinə qarşı törədilən vandalizm xalqımızın tarixi yaddaşına vurulmuş ağır zərbə idi. Buna baxmayaraq, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmamış və ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərindən biri kimi qoruyub saxlamışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə bu məqsədin reallaşmasında həlledici rol oynamışdır. Ağdamın noyabrın 20-də Azərbaycana qaytarılması uzun illər davam edən həsrətin sona çatması istiqamətində tarixi mərhələ oldu. Ölkə başçısı cənab İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri və yeni layihələrin təməlqoyma mərasimlərində iştirakı dövlətin bölgənin inkişafına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Ağdamda yaşayış komplekslərinin, məktəblərin, uşaq bağçalarının və səhiyyə müəssisələrinin yaradılması əhalinin doğma torpaqlara təhlükəsiz və rahat qayıdışını təmin etməyə yönəlib. Yeni kəndlərin salınması və mövcud yaşayış məntəqələrinin bərpası bölgənin demoqrafik və sosial həyatının yenidən formalaşmasına şərait yaradır. Böyük Qayıdış proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin öz yurdlarında layiqli həyat şəraiti ilə təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün müasir infrastrukturun qurulması ilə yanaşı, insanların məşğulluq imkanlarının genişləndirilməsi də vacibdir. Ağdamda sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişafı bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, bölgədə təhsil və mədəniyyət müəssisələrinin fəaliyyətə başlaması yeni nəsillərin doğma torpaqlarda yetişməsi üçün əlverişli şərait yaradır. Ağdam Muğam Mərkəzi, tarixi İmarət Kompleksi və yenidən qurulan dini abidələr şəhərin mənəvi həyatının bərpasına xidmət edir. Şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və xarici dövlətlərin nümayəndələrinin burada iştirakı Ağdamın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir.
Bu proses Azərbaycanın işğaldan azad edilmiş əraziləri regional əməkdaşlıq və iqtisadi inkişaf məkanına çevirmək niyyətini də əks etdirir. Ağdamın bərpası dövlət və cəmiyyət arasında qarşılıqlı etimadın, milli həmrəyliyin və ortaq məsuliyyətin güclənməsinə də töhfə verir. Əldə olunan nailiyyətlərin davamlı olması üçün quruculuq işlərinin keyfiyyətlə həyata keçirilməsi və yaradılan imkanlardan səmərəli istifadə olunması mühüm şərtdir. Əminliklə demək olar ki, Ağdamın dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və tarixi torpaqlarımıza bağlılığını nümayiş etdirən mühüm milli nailiyyətdir.
Gülmirə SəfərovaNeftçala rayonu
1 mənbə