Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir"


Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir" Tarix: 20-11-2026 | Saat: 12:07 Bölmə:Siyasət | çapa göndər
Müasir dünya siyasətində dövlətlərarası münasibətlərin əhəmiyyəti tarixi dostluq əlaqələrinin real iqtisadi təşəbbüslərə, qarşılıqlı investisiya layihələrinə, elmi və mədəni mübadiləyə, eləcə də xalqların sosial rifahına töhfə verən əməkdaşlıq istiqamətlərinə çevrilməsi ilə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə səsləndirdiyi fikirlər də Azərbaycan–Vyetnam münasibətlərinin məhz bu məcrada inkişaf etdiyini və mövcud əməkdaşlıq imkanlarının reallaşdırılması üçün geniş perspektivlərin olduğunu nümayiş etdirir.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
İkitərəfli iqtisadi münasibətlərin inkişafında investisiya qoyuluşları və infrastruktur layihələri də mühüm perspektivlər vəd edir. Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi istiqamətlərində müxtəlif layihələr həyata keçirməyə maraq göstərməsi bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması tərəfdaşlığın praktiki müstəvidə genişləndirilməsinin göstəricisidir. Azərbaycanın əlverişli geostrateji mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit imkanları da Vyetnamla iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır. Cənab Prezidentin müsahibəsində xüsusi diqqət yetirdiyi Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ölkəmizin qlobal logistika sistemində artan rolunun əsas istiqamətlərindəndir. Vyetnamdan Avropa ölkələrinə və əks istiqamətdə həyata keçirilən yük daşımalarında Azərbaycanın tranzit imkanlarından istifadə olunması həm nəqliyyat əlaqələrinin genişlənməsinə, həm də qarşılıqlı ticarət dövriyyəsinin artmasına şərait yarada bilər. Bu sahədə müşahidə olunan göstəricilər də əməkdaşlığın inkişaf perspektivlərini təsdiqləyir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan artıq olub. Bu dinamika ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndiyini və Vyetnamla bu istiqamətdə əməkdaşlıq üçün yeni perspektivlərin yarandığını göstərir. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizdə tutduğu mövqe Vyetnam şirkətlərinin Avropa və digər beynəlxalq bazarlara çıxış imkanlarını asanlaşdıra bilər.
Cənab Prezident İlham Əliyevin müsahibəsində kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sahələrinə də geniş yer ayırması iki ölkənin əməkdaşlıq potensialının çoxşaxəli xarakter daşımasından irəli gəlir. Azərbaycan və Vyetnamın iqtisadi strukturları, istehsal imkanları və mövcud resursları bir sıra sahələrdə qarşılıqlı şəkildə tamamlanmaq imkanına malikdir. Bu baxımdan ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, investisiya təşəbbüslərinin həyata keçirilməsi və yeni satış bazarlarına çıxış imkanlarının artırılması tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirə bilər. Müsahibənin diqqətəlayiq xüsusiyyətlərindən biri də iqtisadi əməkdaşlığın humanitar münasibətlərdən ayrı deyil, vahid tərəfdaşlıq modelinin qarşılıqlı tamamlanan istiqamətləri kimi təqdim edilməsidir. Cənab Prezident İlham Əliyev xalqlar arasında dostluğun inkişafında təhsil, elm, mədəniyyət və xeyriyyəçilik fəaliyyətinin mühüm rolunu xüsusi vurğulayır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüslər Azərbaycan–Vyetnam münasibətlərinin humanitar məzmununu zənginləşdirən konkret nümunələrdir. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşasına verdiyi dəstək, təhsil layihələrində iştirakı və Hanoy Ticarət və Turizm Kollecinə göstərdiyi maliyyə yardımı bu istiqamətdə görülən işlərin mühüm nəticələrindəndir. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı ölkənin yüksəkvəzifəli şəxsləri, yaradıcı ziyalıları və vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla keçirdiyi görüşlər də humanitar əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Manaf Manafov həmçinin qeyd edib ki, Azərbaycanla Vyetnam arasında təhsil sahəsində əməkdaşlığın tarixi də kifayət qədər zəngindir. Sovet İttifaqı dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış elmi və intellektual əlaqələrin genişliyini nümayiş etdirir. Həmin məzunların sonrakı illərdə əldə etdikləri bilik və peşəkar təcrübəni Vyetnamın inkişafına yönəltməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin mühüm göstəricisidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da tarixi irslə müasir təhsil əlaqələrini bir araya gətirən əlamətdar hadisələrdən biri olub. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən mərasimin Ho Şi Minin anadan olmasının 135 illiyinə təsadüf etməsi tədbirə xüsusi məna qazandırıb. Bu hadisə Azərbaycan və Vyetnam xalqlarının ortaq tarixi yaddaşa, dostluq ənənələrinə və qarşılıqlı ehtirama verdiyi önəmin ifadəsidir.
Cənab Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan rəsmi səfərlə bağlı səsləndirdiyi fikirlər bütün bu əməkdaşlıq istiqamətlərinin vahid strateji məqsəd ətrafında birləşdirilməsinə xidmət edir. Dövlət başçısının yanaşmasına görə, Vyetnamın Cənub-Şərqi Asiyada sürətli iqtisadi inkişafı, Azərbaycanın isə Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi kimi mövqeyi tərəflər üçün yeni bazarlara çıxış, qarşılıqlı investisiyalar və birgə layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar yaradır. Bu perspektivlərdən səmərəli istifadə edilməsi iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatmasına şərait yarada bilər.
Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin hazırkı inkişaf mənzərəsi tarixi dostluq ənənələrinin müasir iqtisadi, siyasi və humanitar əməkdaşlıqla zənginləşdiyini nümayiş etdirir. Energetika, investisiya, nəqliyyat, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində mövcud olan imkanların reallaşdırılması ikitərəfli əlaqələrin gələcək inkişafına mühüm töhfə verə bilər. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər Azərbaycan və Vyetnam arasında uzunmüddətli, çoxşaxəli və qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır-deyə,Manaf Manafov fikrini yekunlaşdırıb
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər