Misirdə yüzlərlə tabut və qızıl əşyaların olduğu qədim məzarlıq aşkarlanıb


Misirin şimalındakı Menufiyə vilayətində aparılan arxeoloji qazıntılar zamanı yüzlərlə tabutun və qızıl əşyanın yerləşdiyi qədim məzarlıq aşkar edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasına görə, arxeoloqlar Əbu Bellu ərazisində apardıqları qazıntılar zamanı geniş nekropol aşkar ediblər.
Ərazidə daş, keramika və taxta tabut qalıqları, kərpicdən tikilmiş günbəzli qəbirlər, eləcə də əhəngdaşından hazırlanmış qəbir tikililəri tapılıb.
Qazıntılar zamanı insan qalıqları, qızıldan hazırlanmış dil fiqurları, sırğalar, boyunbağılar, amuletlər, həşərat formasında talismanlar və qəbir heykəlcikləri də üzə çıxarılıb. Bundan başqa, mumiyalama zamanı istifadə olunan materialların və qətran qalıqlarının izlərinə rast gəlinib.
Arxeoloqların ilkin qiymətləndirməsinə görə, məzarlıqda əsasən orta gəlirli təbəqəyə mənsub şəxslər dəfn edilib. Tapıntıların bir hissəsinin Ptolemeylər sülaləsinin hakimiyyətinin ilkin dövrlərinə, digərlərinin isə daha qədim tarixə aid olduğu bildirilir.
Misirin turizm və qədim əsərlər naziri Şərif Fəthi kəşfin qədim Misir sivilizasiyasının və dəfn ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Ərazidə qazıntı və sənədləşdirmə işləri davam etdirilir.
Dərc vaxtına görə
