Yüzlərlə qədim tabut və qızıl əşyalarla zəngin nekropol aşkarlanıb


Bugun.tv xəbər verir ki, Misirin şimalında yerləşən Menufiya əyalətində arxeoloqlar yüzlərlə qədim tabut, qızıl əşyalar və müxtəlif tarixi artefaktların aşkarlandığı böyük nekropol üzə çıxarıblar. Tapıntının ölkənin qədim tarixi və dəfn ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Anadolu Agentliyinin noyabrın 19-da yaydığı məlumata görə, arxeoloji qazıntılar Tell Kom Abu Billo ərazisində aparılıb. Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasına əsasən, burada daş və saxsı tabutlar, taxta tabutların qalıqları, həmçinin bişmiş kərpicdən hazırlanmış tağlı məzarlar aşkarlanıb.
Tapıntılar arasında qızıldan hazırlanmış dil formalı kiçik əşyalar, sırğa, boyunbağı asqısı, qızıl lövhələr, skarabey fiqurları və qədim dəfn mərasimlərində istifadə edilən kiçik heykəlciklər var. Arxeoloqlar, həmçinin miniatür sfinkslər, şahin tanrısı Horusun heykəl qalıqları və iki şahin dəfninin izlərini müəyyən ediblər.
İlkin araşdırmalar qəbiristanlığın əsasən orta təbəqəyə mənsub insanların dəfn edildiyi məkan olduğunu göstərir. Dəfnlər Misirin Son Dövrünün son mərhələsindən Ptolemey və Erkən Roma dövrlərinədək olan zaman kəsiyini əhatə edir. Nekropolun böyük hissəsinin e.ə. III–II əsrlərə aid olduğu ehtimal edilir.
Qazıntıların davam etdiriləcəyi, ərazidə hələ qum və dağıntılar altında qalmış digər tikililərin də mövcud ola biləcəyi bildirilir.
Dərc vaxtına görə