Milyonların gözlədiyi GTA 6 təqdim olunur: Oyunda nələr dəyişəcək?


Dünyanın milyonlarla oyunçusunun səbirsizliklə gözlədiyi GTA 6 nəhayət satışa çıxmağa hazırlaşır. Rockstar Games-in yeni layihəsi təkcə oyun həvəskarları arasında deyil, bütün əyləncə sənayesində böyük maraq yaradıb. 212 GB yaddaş tələb edən oyun, rekord qıran treylerləri və geniş reklam kampaniyası ilə indidən gündəmdədir.
13 illik fasilədən sonra oyunçular yenidən məşhur Vice City şəhərinə qayıdacaqlar. Yeni oyun PlayStation 5 və Xbox Series X/S platformalarında satışa təqdim olunacaq. Oyuna giriş ölkələrin yerli vaxtı ilə gecə saat 00:00-da açılacaq. Buna görə Asiya və bəzi digər regionlardakı oyunçular GTA 6-nı Şimali Amerikadakılardan daha əvvəl oynaya biləcəklər.
Yeni Zelandiyada internet provayderləri oyunun təqdimatı zamanı yaranacaq böyük yükləmə tələbinə artıq hazırlaşırlar.
Ölkənin internet infrastrukturu şirkəti Chorus-un şəbəkə strategiyası üzrə rəhbəri Kurt Rodcers bildirib ki, oyunun 212 GB-lıq həcmi olduqca böyükdür. Onun sözlərinə görə, bu, orta statistik bir ailənin aylıq internet istifadəsinin dörddə birindən çoxuna bərabərdir.
Şirkət oyunun təqdimatı ilə əlaqədar şəbəkəsində əlavə 35 petabayt həcmində məlumat trafiki gözləyir.
GTA 6-da oyunçuları nə gözləyir?
Yeni oyunun əsas qəhrəmanları Lusiya Kaminos və Ceyson Düval adlı iki personajdır.
Həyatlarını dəyişmək istəyən bu cütlük Floridadan ilhamlanaraq yaradılmış uydurma Leonida ştatının cinayət dünyasına sürüklənir.
Həbsdən yeni çıxan Lusiya ilə keçmiş hərbçi Ceysonun yolları Ceysonun Leonida Keys bölgəsindəki narkotik qaçaqmalçıları ilə əlaqələri vasitəsilə kəsişir. Bir cinayət planının uğursuzluğa düçar olması isə onları daha böyük bir sui-qəsdin və təhlükəli hadisələrin mərkəzinə aparır.
Bu dəfə oyunçular əvvəlki GTA 5-dən fərqli olaraq əsasən iki personajın hekayəsini izləyəcəklər.
Rockstar Games yeni oyunun Leonida ştatını indiyədək hazırladığı ən böyük və detallı açıq dünya kimi təqdim edir.
Oyunda təkcə Vice City deyil, həm də çimərliklər, magistral yollar, bataqlıqlar, gecə həyatı ilə seçilən ərazilər və kiçik yaşayış məntəqələri olacaq.
Oyunun yaradıcıları virtual dünyanı daha real hazırlamaq üçün Mayami, Florida Keys və ətraf ərazilərdə araşdırmalar aparıblar. Hətta Everqleyds bataqlıq ərazisi üzərində uçuşlar həyata keçirərək bölgənin təbiətini, tarixini və memarlığını öyrəniblər.
Mayami GTA 6-dan qazanc əldə etməyə hazırlaşır
Oyunun təqdimatı Mayami şəhərində də böyük maraq doğurub. Yerli müəssisələr, idman klubları və hakimiyyət orqanları GTA 6 ətrafında yaranan maraqdan reklam və iqtisadi baxımdan yararlanmağa çalışırlar.
Mayami-Deyd dairəsi Rockstar ilə 3,9 milyon dollarlıq reklam müqaviləsi imzalayıb.
Bu əməkdaşlıq çərçivəsində NBA komandası “Mayami Hit”in oyunlarını keçirdiyi Kaseya Center arenasının damında nəhəng “Vice City-yə xoş gəlmisiniz” yazısı yerləşdirilib.
Komandanın GTA 6-nın təqdimatından bir gün əvvəl qara-çəhrayı rəngli Vice City formaları ilə meydana çıxması da planlaşdırılır.
Lakin bu reklam kampaniyası hamı tərəfindən birmənalı qarşılanmayıb. Cənubi Floridanın bəzi rəsmiləri avtomobil oğurluğu, silahlı qarşıdurmalar və cinayət hadisələri ilə tanınan oyun seriyasının reklamına dövlət vəsaitinin ayrılmasını sual altına alıblar.
Kampaniyanı dəstəkləyənlər isə oyunun dünya miqyasında yaratdığı marağın bölgəyə turist və iqtisadi imkanlar gətirə biləcəyini düşünürlər.
GTA 6-nın reklamı Mayami ilə də məhdudlaşmayıb. Seulda binanın fasadını əhatə edən nəhəng reklam yerləşdirilib. Warner Music şirkəti də oyunun təqdimatı münasibətilə musiqi tədbiri keçirməyi planlaşdırır.
GTA 6-nın treylerləri rekord qırıb
GTA 6-ya marağın nə qədər böyük olduğunu treylerlərin izlənmə sayı da göstərir.
Oyunun ilk treyleri yayımlandığı ilk 24 saat ərzində YouTube-da 93 milyondan çox izlənib.
Rockstar Games-in ana şirkəti Take-Two Interactive isə ikinci treylerin müxtəlif platformalarda cəmi bir gün ərzində 475 milyondan çox baxış topladığını açıqlayıb.
Maraqlıdır ki, oyun hələ geniş auditoriya tərəfindən oynanılmadan da nüfuzlu mükafatların diqqətini çəkib.
GTA 6 The Game Awards mükafatlarının səkkiz kateqoriyasında namizəd göstərilib. Bunlara ilin oyunu, oyun rejissorluğu, süjet, bədii tərtibat, musiqi, səs dizaynı, aksiya-macəra və aktyor ifası daxildir.
Mükafatların dekabrın 10-da təqdim olunması planlaşdırılır.
Oyunun musiqiləri də xüsusi hazırlanıb
GTA seriyasının ən sevilən xüsusiyyətlərindən biri də avtomobil idarə edərkən dinlənilən radio musiqiləridir.
Yeni oyunda bu ənənə davam etdiriləcək. Qremmi mükafatlı fransız elektron musiqi dueti Justice GTA 6 üçün xüsusi musiqi hazırlayıb.
Musiqilər oyunçunun yerləşdiyi məkana və etdiyi hərəkətlərə uyğun dəyişəcək.
Tame Impala, SZA, King Gizzard & The Lizard Wizard və Gesaffelstein kimi ifaçıların da iştirak etdiyi 30 mahnıdan ibarət “Grand Theft Auto VI: Original Score” albomunun dekabrın 11-də yayımlanması nəzərdə tutulur.
Rockstar oyunun hansı sirlərini gizlədir?
Bütün treylerlərə və reklam materiallarına baxmayaraq, Rockstar Games yeni oyunun bir çox xüsusiyyətini hələ də açıqlamır.
Lusiya və Ceyson personajlarını səsləndirən aktyorlar da daxil olmaqla, bütün səs aktyorlarının siyahısı ictimaiyyətə təqdim edilməyib.
Aktyor Stiven Rut Associated Press-ə açıqlamasında oyunda iştirak etdiyini təsdiqləyib. Lakin onun hansı obrazı canlandıracağı hələ açıqlanmayıb.
Oyunda hansı personajların, məkanların, hadisələrin və əlavə imkanların yer alacağı ilə bağlı da çoxsaylı suallar açıq qalır.
GTA 5-in 2013-cü ildə satışa çıxmasından sonra 230 milyondan çox nüsxə satması yeni oyunun üzərindəki gözləntiləri daha da artırır. Bütün GTA seriyasının satışları isə 470 milyon nüsxəni ötüb.
Qeyd edək ki, GTA 5 satışa çıxdıqdan cəmi üç gün sonra 1 milyard dollarlıq satış həcminə çatmışdı.
İndi əsas sual budur: GTA 6 əvvəlki oyunun uğurunu təkrarlaya, hətta onu geridə qoya biləcəkmi?
\\ Aydan Bünyatova, Editor.az