Milli Məclisdə hakimlərin maaşı gündəmə gəldi: "Aparat rəhbəri məhkəmə sədrindən çox qazanır"


Azərbaycanda məhkəmə sistemində əməkhaqqı bölgüsü ilə bağlı diqqətçəkən uyğunsuzluq parlament tribunasından səsləndirilib. Məhkəmə sədrlərinin öz tabeçiliyində olan şəxslərdən daha az maaş alması ədalət mühakiməsinin keyfiyyəti baxımından ciddi müzakirə mövzusuna çevrilib.
32gun.az xəbər verir ki, məsələni Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa qaldırıb.
Millət vəkili mövcud vəziyyətin qəbuledilməz olduğunu vurğulayaraq hakimlərin maddi təminatının dərhal yaxşılaşdırılmasının vacibliyini qeyd edib:
"Bu günləri hakimlərin əməkhaqqı məsələsinin təcili olaraq həll olunması vacibdir. Biz dövlət qulluqçularının əməkhaqqını artırmışıq və bu, doğru alınan qərardır. Amma hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən daha yüksək maaş alır".
Fazil Mustafa çıxışının davamında məhkəmələrin müstəqilliyi və şəffaflığı üçün sosial təminatın əsas şərt olduğunu diqqətə çatdırıb:
"Amma biz istəyiriksə məhkəmə daha ədalətli və şəffaf fəaliyyət göstərsin, qərarlar çıxarsın, onların əməkhaqqı məsələsinə olduqca həssas yanaşmağa borcluyuq".
Beləliklə, 2027-ci ilin dövlət büdcəsi müzakirələri çərçivəsində məhkəmə hakimiyyətinin maliyyə təminatına yenidən baxılması və əməkhaqqı sistemindəki bu fərqin aradan qaldırılması gündəmin əsas təkliflərindən biri kimi önə çıxıb.
Ayaz
