Bu vitamin ağciyər xərçəngi riskini azaldır


K1 vitamininin yüksək miqdarda qəbulu ağciyər xərçənginin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər. Bu əlaqə xüsusilə hazırda siqaret çəkənlər və əvvəllər siqaret çəkmiş şəxslər arasında müşahidə olunur.
Publika.az xəbər verir ki, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib. Tədqiqatın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.
Alimlər Danimarka və Böyük Britaniyada aparılmış iki genişmiqyaslı uzunmüddətli tədqiqatın məlumatlarını təhlil ediblər. Ümumilikdə araşdırmalarda 240 mindən çox insan iştirak edib. Mütəxəssislər K1 və K2 vitaminlərinin qəbul miqdarını qiymətləndirib, ağciyər xərçəngi hallarını isə tibbi reyestrlər vasitəsilə izləyiblər.
Müşahidə müddətində 3083 iştirakçıya ağciyər xərçəngi diaqnozu qoyulub. Məlum olub ki, K1 vitaminini ən çox qəbul edən insanlarda xəstəliyin inkişaf riski bu vitamini ən az qəbul edənlərlə müqayisədə 16 faiz aşağı olub. Hazırda siqaret çəkənlər və əvvəllər çəkmiş şəxslər arasında bu fərq 20 faizə çatıb. Bununla belə, siqaret çəkməyən insanlar arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Əlavə təhlil göstərib ki, siqaret çəkmə tarixçəsi olan iştirakçılar arasında K1 vitamininin orta miqdarda qəbulu ilə xəstəlik riskinin azalması arasındakı əlaqə ağciyər xərçənginə genetik meyilliliyi yüksək olan insanlarda xüsusilə nəzərəçarpan olub. Eyni zamanda, K2 vitamininin qəbulu ilə xəstəliyin yaranma ehtimalı arasında əhəmiyyətli əlaqə müəyyən edilməyib. K1 vitamininin əsas qida mənbələri ispanaq, kələm və brokoli də daxil olmaqla yaşıl yarpaqlı tərəvəzlərdir.
Müəlliflər vurğulayırlar ki, tədqiqat müşahidə xarakteri daşıyıb və K1 vitamininin özünün ağciyər xərçəngindən qoruduğunu sübut etmir.
Hüseyn İbadlı