Milli Məclisdə 2027-ci ilin büdcə müzakirələri başladı: Rəqəmlər nə deyir?


Bu gün parlamentin payız sessiyasının növbəti plenar iclasında ölkənin əsas maliyyə sənədi olan gələn ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb.
32gun.az xəbər verir ki, Baş nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda gündəlikdəki 11 məsələdən 8-i məhz 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlərə həsr olunub.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, birinci oxunuşda müzakirə edilən "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və iqtisadi dayanıqlığı təmin edən uğurlu inkişaf strategiyasının davamıdır.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında strateji valyuta ehtiyatlarımızın 89,4 milyard dollara çatdığını və bunun dövlətin suveren qərarlarını dəstəklədiyini vurğulayıb. O bildirib ki, 2027-ci ilin büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti 65 dollar götürülüb, icmal büdcə xərcləri 50 milyard manatı, dövlət büdcəsi xərclərinin ÜDM-də payı isə 30 faizi ötəcək. Komitə sədri ölkəmizin Böyük Qayıdış proqramını heç bir xarici yardım olmadan, yalnız öz gücü hesabına maliyyələşdirdiyini xatırladaraq, 2020-2026-cı illərdə azad edilmiş ərazilərin bərpasına 25 milyard manatdan çox vəsait ayrıldığını, gələn il isə bu məqsədlə 3,4 milyard manat nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, büdcə xərclərinin 44,2 faizinin və ya 18,7 milyard manatının sosialyönümlü olması, müdafiə və milli təhlükəsizliyə 8,8 milyard, iqtisadi fəaliyyətə isə 8,9 milyard manat yönəldilməsi gələn ilin əsas maliyyə prioritetləri kimi göstərilib.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Sahil Babayev 2027-ci ildə ÜDM-in 2,7 faiz artımla 141 milyard manata çatacağını, bunun 109,1 milyard manatının və ya 77,4 faizinin qeyri-neft sektorunun payına düşəcəyini açıqlayıb. Nazir manatın məzənnəsinin 1,7 səviyyəsində sabit qalacağını, illik inflyasiyanın isə 5,3 faiz olacağını proqnozlaşdırıb. Gələn il dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat (bunun 60,6 faizi qeyri-neft sektorundan), xərcləri isə 42,4 milyard manat həcmində planlaşdırılır. Gəlirlərin formalaşmasında Dövlət Vergi Xidmətinin payı 18,4 milyard, Dövlət Gömrük Komitəsinin payı 6,9 milyard, Dövlət Neft Fondundan transfertin həcmi isə 11,9 milyard manat olacaq. Xərclərin 26,4 milyard manatı cari, 13,8 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı isə dövlət borcuna xidmətə sərf ediləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında 2022–2026-cı illər üzrə inkişaf strategiyası dövründə iqtisadiyyatda həm kəmiyyət, həm də keyfiyyət dəyişikliklərinin baş verdiyini, cari ilin 10 ayında ÜDM artımının tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunduğunu bildirib. Nazir həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxaraq xaricdə aktivlər əldə etməsinin ölkəyə əlavə gəlir gətirdiyini, dövlət şirkətlərinin islahatlar nəticəsində büdcəyə dividend ödəyən səmərəli qurumlara çevrildiyini qeyd edib.
Mərkəzi Bankın sədri Taleh Kazımov illik inflyasiyanın hədəf diapazonunda olduğunu, gələn il ÜDM-in 2,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağının gözlənildiyini deyib. O, cari ilin 10 ayında Mərkəzi Bankın valyuta ehtiyatlarının 34 faiz artaraq müstəqillik tarixində rekord həddə — 15,4 milyard dollara çatdığını, əmanətlərin dollarlaşma səviyyəsinin isə ciddi şəkildə azaldığını diqqətə çatdırıb. Bank sektorunun yüksək likvidlik və mənfəətlə sabit fəaliyyət göstərdiyi vurğulanıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə rəyi təqdim edərək 2027-ci ilin büdcə layihəsini neft asılılığının azaldılması baxımından dönüş nöqtəsi və hərbi, sosial, investisiya xərclərinin optimal sintezi kimi dəyərləndirib. Palata sədri sənədlərin qanunvericiliyə uyğun və etibarlı hazırlandığını qeyd edərək büdcə vəsaitlərinin daha səmərəli planlaşdırılması ilə bağlı tövsiyələrini səsləndirib.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin parlamentdəki müzakirələri noyabrın 17-də davam etdiriləcək.
Ayaz
1 mənbə
