Miliona yaxın qırmızı xərçəng Milad adasını ələ keçirib


Avstraliyanın Hind okeanında yerləşən Milad adasında milyonlarla qırmızı quru xərçəngi meşələrdən okean sahillərinə doğru hərəkətə başlayıb. Bu qeyri-adi təbiət hadisəsi adanın gündəlik həyatını dəyişib, avtomobil yollarının bir hissəsi bağlanıb və sakinlərin hərəkəti məhdudlaşdırılıb.
Plat.az Avstraliyanın ABC telekanalına istinadən xəbər verir ki, bu il miqrasiyada 100–150 milyon arasında qırmızı xərçəngin iştirak etdiyi bildirilir. Xərçənglər yağışlı mövsümün başlamasını gözlədikdən sonra çoxalmaq üçün sahilə doğru hərəkət edirlər. Onların hərəkəti əsasən ayın sonuncu fazası və okeanda suyun çəkilməsi ilə əlaqələndirilir. Kütləvi miqrasiya zamanı yolların üzərində xüsusi xərçəng keçidləri və körpülərdən istifadə olunur. Park əməkdaşları avtomobillərin altında qalmamaları üçün canlıları yollardan kənarlaşdırır, bəzi ərazilərdə nəqliyyatın hərəkətini dayandırırlar. Yerli sakinlər də bu qeyri-adi hadisəyə uyğunlaşaraq avtomobillə hərəkət zamanı xüsusi ehtiyat tədbirləri görürlər.