“BAE Systems” THAAD raketləri üçün yeni nəsil infraqırmızı sensor hazırlayacaq


“Leonardo DRS” şirkəti THAAD raket əleyhinə müdafiə sisteminin önləyici raketləri üçün yeni nəsil infraqırmızı sensor hazırlamaq məqsədilə “BAE Systems” şirkətindən müqavilə alıb.
Ordu.az xəbər verir ki, bu barədə “Leonardo DRS” şirkətinin açıqlamasında bildirilib.
Yeni komponent THAAD önləyici raketinin axtarış başlığının əsas hissəsini təşkil edən yeni nəsil infraqırmızı fokus müstəvisi massividir. İstilik şüalanmasını aşkar edən bu sensor raketin hədəfə yönəlməsini təmin edir.
“Leonardo DRS” müqavilənin dəyərini, hazırlıq işlərinin nə qədər davam edəcəyini və yeni sensorun istehsalına nə vaxt başlanacağını açıqlamayıb.
Şirkətin məlumatına görə, işlər artıq Dallas şəhərində yerləşən, sahəsi təxminən 18 580 kvadratmetr olan istehsal müəssisəsində başlayıb.
“Leonardo DRS” proqramın məqsədlərinə uyğun olaraq axtarış başlıqlarının istehsal həcmini əvvəlki səviyyə ilə müqayisədə təxminən dörd dəfə artırmaq üçün həmin müəssisənin imkanlarını da genişləndirir.
“THAAD şirkətimiz üçün mühüm strateji proqramdır və biz bu vacib raketdən müdafiə missiyasına dəstək göstərməkdən qürur duyuruq”, - deyə “DRS Electro-Optical and Infrared Systems” bölməsinin baş vitse-prezidenti və baş meneceri Cerri Hetavey bildirib.
Hetavey qeyd edib ki, şirkət döyüş sursatları üçün axtarış başlıqlarının hazırlanması sahəsində daha çox sifariş əldə edir. Bu işlərdə soyudulan və soyudulmayan həllərdən detektor, sensor və alt sistem səviyyələrində istifadə olunur.
O əlavə edib ki, “Leonardo DRS” yüksək texniki göstəriciləri genişləndirilə bilən və xərci səmərəli istehsalla birləşdirə bilir.
Şirkətin məlumatına görə, yeni sensor önləyici raketin dəyişən və getdikcə mürəkkəbləşən təhdidlərlə mübarizə imkanlarını yaxşılaşdırmalıdır. Bununla belə, yeni nəsil sensorun hazırda istifadə edilən versiyadan hansı xüsusiyyətlərinə görə fərqlənəcəyi açıqlanmayıb.
THAAD “Terminal High Altitude Area Defense” sistemidir və ABŞ ordusu tərəfindən istismar olunur. Sistem ballistik raketləri uçuşun son mərhələsində məhv etmək üçün nəzərdə tutulub.
“BAE Systems” sistemin infraqırmızı axtarış başlığını istehsal edir və ötən il əsas podratçı “Lockheed Martin” şirkətinə 1 000-ci axtarış başlığını təhvil verib.
İstehsalın dörd dəfə artırılması hədəfi önləyici raketlərin sayının artırılmasına yönəlmiş daha geniş proqramın bir hissəsidir. İyun ayında Raketdən Müdafiə Agentliyi “Lockheed Martin” şirkətinə yeddi il ərzində THAAD istehsalını dörd dəfə artırmaq üçün 35 milyard dollarlıq müqavilə verib.
Yanvarda imzalanmış çərçivə razılaşmasına əsasən, illik istehsal həcminin təxminən 96 önləyici raketdən 400 raketə çatdırılması nəzərdə tutulur.
“BAE Systems” də iyul ayında imzaladığı yeddiillik müqavilə çərçivəsində THAAD sistemləri üçün axtarış başlıqlarının istehsalını dörd dəfə artırmağa razılaşıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə