Məşhur müğənni Xulio İqlesiasa qarşı ağır ittiham: Cinsi təcavüz iddiası araşdırılır


İspaniya Milli Məhkəməsi dünya şöhrətli müğənni Xulio İqlesiasa qarşı irəli sürülən ağır ittihamlar üzrə rəsmi araşdırmaya başlayıb. Məhkəmə sənətçinin iki keçmiş əməkdaşının cinsi toxunulmazlıq əleyhinə cinayətlər, xəsarət yetirmə və alçaldıcı rəftar iddiaları ilə bağlı şikayətini icraata qəbul edib.
Xitab24.az EFE agentliyinə istinadən xəbər verir ki, hakim Antonio Pinya şikayətdəki faktları və təqdim edilən ilkin dəlilləri istintaqa başlamaq üçün yetərli hesab edərək tərəfləri dinləməyə qərar verib. Zərərçəkən qadınlar fevralın 3-də məhkəmədə ifadə verəcəklər.
İddiaçı qismində çıxış edən iki qadın — biri ev xidmətçisi, digəri isə fizioterapevt — 2021-ci ildə İqlesiasın Dominikan Respublikası və Baham adalarındakı malikanələrində çalışarkən davamlı olaraq təqib, cinsi təcavüz və alçaldıcı rəftara məruz qaldıqlarını bildiriblər. Şikayətçilərdən birinin sözlərinə görə, onlar mütəmadi olaraq məcburi ginekoloji müayinələr, hamiləlik və HİV testlərindən keçməyə məcbur ediliblər.
Məhkəməyə təqdim olunan dəlillər arasında yazışmalar, qoldakı göyərmələr və bud nahiyəsində insan dişləməsinə bənzəyən xəsarət izlərini əks etdirən fotolar yer alır.
Hadisələr İspaniyadan kənarda baş verdiyi üçün iş əvvəlcə Prokurorluq tərəfindən səlahiyyət dairəsinə aid edilməmişdi. Lakin sonradan Prokurorluğun müsbət rəyi və şikayətçilərin birbaşa Milli Məhkəməyə müraciəti nəticəsində prosesə start verilib.
Hakim Antonio Pinya insan alveri və əmək hüquqlarının pozulması ilə bağlı iddiaları qəbul etməsə də, cinsi azadlıq əleyhinə ehtimal olunan cinayətlərin və xəsarət faktlarının araşdırılmasına qərar verib. Hakim şikayət ərizəsində hadisələrin yalnız Xulio İqlesiasın üzərində cəmləşdirildiyini və işdə adı keçən digər idarəçilərin kənarda saxlanıldığını qeyd etsə də, sənətçinin İspaniya vətəndaşı olması faktının ölkə ədliyyəsinə bu işi araşdırmaq səlahiyyəti verdiyini vurğulayıb.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Məşhur müğənni Xulio İqlesiasa qarşı ağır ittiham: Cinsi təcavüz iddiası araşdırılır
