Məktəb və cəmiyyət arasında davamlı əməkdaşlıq


Astara, Cəlilabad və Masallı rayonlarında keçirilən valideyn konfranslarında rayonlar üzrə təhsil sektorlarının müdirləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və valideynlər iştirak ediblər.
Görüşlərin əsas məqsədi məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının artırılması, şagirdlərin təlim-tərbiyəsi və təhlükəsizliyinin təmin olunmasında birgə məsuliyyətin təşviq edilməsi olub.
Konfranslar çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, davamiyyət və nizam-intizam, məktəbli geyim formalarına riayət olunması, yeniyetmələrin psixoloji rifahı, zərərli vərdişlərdən və hüquq pozuntularından qorunması, eləcə də məktəbdənkənar vaxtın səmərəli təşkili məsələləri müzakirə edilib.
Çıxışlarda uşaqların hərtərəfli inkişafı, sağlam və təhlükəsiz mühitdə formalaşması üçün ailə, məktəb və cəmiyyət arasında davamlı əməkdaşlığın vacibliyi xüsusi olaraq bildirilib.
Valideynləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.
Tural Əliyev, Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi