Məktəb bitirməyən Şərurlu İsfəndiyarın tələbələrlə görüşü – İKİ RƏY


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb. Lakin tələbələrin iş adamı ilə görüşü birmənalı qarşılanmayıb. Müzakirələrin əsas predmetinə çevrilən məsələ isə Axundovun orta və ali təhsilinin olmamasıdır.
Məlumatlara görə, görüşün təşəbbüskarı tələbələrdən biri olub. Digər tələbələr də iş adamının həyat və biznes təcrübəsini dinləməyə maraq göstəriblər.
Məsələyə fərqli yanaşmalar mövcuddur. Bir tərəfdən, biznesdə uğur qazanmış şəxsin öz təcrübəsini gənclərlə bölüşməsi, onların suallarını cavablandırması müsbət qiymətləndirilə bilər. Axı ali təhsil alan tələbələr yalnız professorları, alimləri və akademik dairələrin nümayəndələrini deyil, müxtəlif sahələrdə uğur qazanmış insanları da dinləməlidirlər.
Digər tərəfdən, orta təhsili belə olmayan bir şəxsin ali təhsil müəssisəsində tələbələr qarşısında çıxış etməsi suallar doğurur. Xüsusilə də universitetin belə bir görüşə şərait yaratması təhsilin, elmin və intellektual inkişafın cəmiyyətdəki yeri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Bəs biznesdə uğur qazanmaq üçün diplomun olmaması nə dərəcədə əhəmiyyətlidir? Həyat təcrübəsi akademik biliyi əvəz edə bilərmi? Universitetlər tələbələrə uğur nümunəsi kimi kimləri təqdim etməlidir?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında məsələni mürəkkəb və mübahisəli hesab etdiyini dedi. Onun sözlərinə görə, təhsil vacib olsa da, insanın bacarıqları və həyat təcrübəsi də nəzərə alınmalıdır: “Mənim düşüncəmə görə, bu, xeyli mürəkkəb və bir o qədər də mübahisəli məsələdir. Təhsil, əlbəttə ki, vacibdir. Amma təhsildən daha öndə olan insan bacarıqlarıdır, şəraitə uyğun davranmaqdır.
Belə bir adamı görüşə çağırırlar. Bu, hər halda başqalarında, xüsusilə gənclərdə maraq doğurur. Ona görə də bunun nə əleyhinə çıxmaq olur, nə də bunu çox təqdir etmək. Burada müsbət tərəflər də var. İnsan müəyyən bir mühitə gəlir, öz təcrübəsini ortaya qoyur. Nə qədər mülkləri, binaları, biznes sistemi var. Bu da müəyyən mənada həyat təcrübəsidir. Tələbələr üçün bu, yüz hekayədən biri ola bilər. İnanmıram ki, görüşü təşkil edənlər bununla tələbələrə sırf “belə olun” mesajı vermək istəyiblər. Amma bilirlər ki, bu cür nümunələr də var.
Ancaq bu, qətiyyən o demək deyil ki, təhsil almaq lazım deyil. Müasir dünyada elmsiz, texnologiyasız heç nəyə nail olmaq mümkün deyil. Bu, həm də Azərbaycan gerçəkliyinin bir faktıdır. Elə məsələlər var ki, onlar standartlara uyğun gəlmir. Bu da həmin standartlardan biridir. Hər halda, oxuyan tələbə gələcəkdə bu təcrübədən istifadə edə bilər”.
Sosioloq Mail Yaqub isə hesab edir ki, müasir dövrdə rəsmi diplomun əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə azalıb. Onun fikrincə, insanın uğur qazanmasında bacarıq və şəxsi potensial daha mühüm rol oynaya bilər.
“Bu gün istər Azərbaycanda, istər Amerikada, istərsə də Avropada rəsmi diplom öz əhəmiyyətini itirməkdədir. Ola bilər ki, bir insanın, ümumiyyətlə, rəsmi diplomu olmasın, amma böyük bir yol qət etsin, uğur qazansın. Burada heç bir qəbahət yoxdur. Söhbət konkret həmin şəxsdən getmir, ümumiyyətlə, yanaşmanı nəzərdə tuturam.
Böyük şirkətlərin yaradıcıları haqqında da belə nümunələr eşidirik. Məsələn, “Microsoft”un yaradıcısı Bill Qeytsin də rəsmi diplomunun olmaması ilə bağlı fikirlər səsləndirilir. Amma o, böyük bir şirkət yaradıb. Bu məsələnin bir tərəfidir. Artıq bu qəlibdən çıxmaq lazımdır. Savad, bilik və bacarıq vacibdir, amma rəsmi diplomun özü hər şeyi müəyyən etmir. Dünyada təxminən 20-30 ildir belə bir tendensiya müşahidə olunur.
Qaldı ki, adı çəkilən şəxsin tələbələrlə görüşməsinə, düşünürəm ki, burada təkcə rəsmi diplom faktoru yoxdur. Başqa məsələlər də var ki, bəzi insanlarda qıcıq doğurur. Bəzən bir insanın karyerasında yüksək reputasiyası olmur, xoşagəlməz reputasiya olur, amma həmin adam gedib tələbələrə ağıl öyrədir. Bu da qıcıq yaradır. Məncə, məsələnin mahiyyətində məhz bu dayanır və bu qıcıq haqlıdır”.
Şahanə Rəhimli,Musavat.com
