Məhsuldar start


Misli Premyer Liqasında II dövrə məhsuldar başladı. XII turun ilk gündə keçirilən iki matçında qapılara 10 qol vuruldu.
“İmişli” Yevlaxda “Zirə” ilə heç-heçə etdi (2:2), “Sabah” isə səfərdə “Sumqayıt”a darmadağınla qalib gəldi (5:1).
Bu mövsüm qeyri-stabil nəticələrlə diqqət çəkən “Zirə” ikinci “altılıq”da qərarlaşan “İmişli” ilə matçda xal itirdi. 70-ci dəqiqəyə qədər 2:0 öndə olan “qartallar” beş dəqiqədə qapısında iki qol gördü. Bunadək oyun baxımından daha yaxşı çıxış edən və qol imkanları yaradan qonaqlar bir anda “dağıldı”. Ardıcıl penaltilər və meydan sahiblərinin arzulu oyunu yekunu “sülh”lə bitirdi.
“İmişli” Ervins Perkonsun ikinci hissədə etdiyi əvəzetmələr və taktiki dəyişikliklərdən sonra toparlanmağı bacardı. Ümumiyyətlə, bölgə təmsilçisi litvalı mütəxəssisin müvəqqəti baş məşqçi postuna təyinat almasından sonra artırmaqdadır. Komanda son 4 görüşündə məğlub olmayıb.
“Zirə” isə arxayınlaşmanın cəzasını çəkdi. Rəşad Sadıqovun “drujinası” müdafiədə problemlər yaşamaqdadır. Son 9 matçda qol buraxan “qartallar” üçün bu, həyəcan siqnalı çalmalıdır. İntizamlı futbolu ilə diqqət çəkmiş “Zirə” indi dağınıq oyunuyla seçilir. Xal itkiləri komandanı “üçlük”dən uzaqlaşdırmaqdadır.
Turun digər matçında isə “Sabah” rahat qələbə qazandı. “Sumqayıt”ın 10 nəfərlə qalmasından sonra böyük üstünlük əldə edən “bayquşlar” çox güc sərf etmədən aktivinə üç xalı yazdırdı. Çempionlar Liqasında “Barselona” ilə oyunöncəsi bir neçə futbolçunu heyətə daxil etməyən baş məşqçi Dambrauskas ehtiyat qüvvədən də gözlədiyini ala bildi.
“Sumqayıt” isə 10 nəfərlə qalanadək mübariz futbol sərgilədi. Filipe Kandidonun yetirmələri uzun fasilədən sonra “Mehdi Hüseynzadə”yə qayıtmış və oyuna azarkeşləri önündə daha istəkli başlamışdı. Ancaq ilk hissədə orta xəttin əsas dayağı Lukas Blekin qırmızı vərəqə alması planları alt-üst etdi və yekunda böyük hesablı nəticə qeydə alındı.
Şahin Cəfərov
1 mənbə

Report+1 mənbə