Medvedev Ermənistanın seçkilərini Moskvanın geosiyasi hədəfinə çevirdi: İrəvanın siyasi iradəsi Rusiyanın təsir ambisiyaları ilə üz-üzədir


“Medvedevin bəyanatı göstərir ki, Rusiya siyasi rəhbərliyi Ermənistan seçkilərinə Qərblə rəqabət prizmasından, Moskvanın regiondakı mövqelərinin gələcəyinə təsir edə biləcək proses kimi yanaşır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr bildirir ki, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Ermənistanın qarşıdan gələn seçkilərini beynəlxalq qarşıdurmanın hədəfinə çevrilmiş proseslər sırasına daxil edib. O, Almaniya, Rumıniya, Bolqarıstan, Moldova və Braziliyanı da bu kontekstdə xatırladıb.
“Medvedevin iddiasına görə, “pərdəarxası kuklaoynadanlar” xalqların iradəsini nəzərə almamağa çalışırlar. O, Ermənistan seçkilərini Rusiya ilə Qərb arasındakı geosiyasi rəqabətin bir hissəsi kimi təqdim edir. Bu yanaşmaya əsasən, Ermənistanın xarici siyasət istiqamətini dəyişməsi regionda Rusiyanın təsirinin daha da zəifləməsinə səbəb ola bilər”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, bu məntiqlə Ermənistan seçkiləri Moskvada ölkənin strateji gələcəyinə və Rusiya ilə münasibətlərinin sonrakı istiqamətinə təsir göstərə biləcək proses kimi nəzərdən keçirilir.
“Seçkilərin nəticələri Ermənistanın xarici siyasətinin gələcək istiqamətinə, Rusiya ilə münasibətlərinə və Cənubi Qafqazda qüvvələrin yenidən düzülüşünə müəyyən təsir göstərə bilər. Medvedevin bəyanatı göstərir ki, Rusiya siyasi rəhbərliyi Ermənistan seçkilərinə Qərblə rəqabət prizmasından, Moskvanın regiondakı mövqelərinin gələcəyinə təsir edə biləcək proses kimi yanaşır”, - deyə nəşr bildirib.
Nəşr Medvedevin noyabrın 16-da səsləndirdiyi fikirlərin oktyabrın əvvəlindəki açıqlamalarının davamı olduğunu vurğulayır. Həmin vaxt Medvedev İranın dövlət teleradio şirkətinə müsahibəsində Ermənistan rəhbərliyinin xarici siyasətdəki dəyişikliklərini təhlükəli proses kimi təqdim etmiş, Qərbin Ermənistan-Rusiya münasibətlərini sınağa çəkdiyini iddia etmişdi.
“Oktyabrın əvvəlində Medvedev Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi təhlükəsi barədə xəbərdarlıq etmişdi. Noyabrın 16-da səsləndirdiyi bəyanat da həmin siyasi məntiqin davamıdır. Seçkilər xarici qüvvələrin rəqabət meydanı, Ermənistanın Qərb istiqaməti isə Rusiya üçün strateji çağırış kimi təqdim olunur”, - deyə nəşr qeyd edib.
Məqalədə keçmiş Sovet İttifaqının dağılmasından sonra keçmiş təsir dairəsində keçirilən seçkilərin xarici siyasət istiqamətinin dəyişməsində mühüm mərhələyə çevrildiyi bildirilir. Gürcüstan, Ukrayna və Moldova təcrübəsi göstərib ki, demokratik proseslər ətrafında təhlükəsizlik, enerji, ticarət və regional kommunikasiyalarla bağlı fundamental ziddiyyətlər cəmləşə bilər.
Nəşr Moldova və Rumıniyada keçirilən seçkilərlə bağlı nümunələri də xatırladır.
“Moldovada 2025-ci ildə keçirilən parlament seçkiləri zamanı beynəlxalq müşahidəçilər xarici müdaxilə, qanunsuz maliyyələşmə və dezinformasiya ilə bağlı ciddi problemlər qeydə alıblar. Rumıniyada 2024-cü il prezident seçkilərinin ləğv edilməsi isə seçkilərin təhlükəsizliyi və demokratik legitimlik ətrafında yeni müzakirələrə səbəb olub. Bu nümunələr seçki proseslərinə xarici təsir təhlükəsinin real olduğunu təsdiqləyir”, - deyə məqalədə yazılıb.
Nəşr Ermənistanla bağlı vəziyyətin Rusiya ilə davam edən iqtisadi və təhlükəsizlik asılılıqları səbəbindən daha mürəkkəb olduğunu vurğulayır. Rusiyanın Ermənistana təsir imkanları sırasında Rusiya qazı, dəmir yolu sisteminin konsessiya idarəçiliyi, Avrasiya İqtisadi Birliyinə üzvlük və Rusiya hərbi mövcudluğu sadalanır.
“Ermənistanın Avropa inteqrasiyası, təhlükəsizlik tərəfdaşlarının şaxələndirilməsi və regional kommunikasiyaların yeni layihələri bu münasibətlərin siyasi və iqtisadi əsaslarını dəyişdirir”, - deyə nəşr qeyd edib.
Məqalədə xüsusilə kommunikasiyalar məsələsinə diqqət çəkilir. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan beynəlxalq tranzit layihələrinin Cənubi Qafqazın iqtisadi coğrafiyasını dəyişə biləcəyi bildirilir.
“Yeni marşrutlar, ticarət əlaqələri və infrastruktur investisiyaları regionun əvvəlki asılılıqlarını yenidən formalaşdırır. Bunlar Rusiyanın iqtisadi maraqlarına və geosiyasi mövqelərinə birbaşa təsir göstərir”, - deyə nəşr vurğulayıb.
Nəşrin fikrincə, Medvedevin bəyanatı Moskvanın Ermənistanın daxili siyasi proseslərinə münasibətinin göstəricisidir. Bu mövqe regionda Rusiyanın təsirini qorumaq və Ermənistanın xarici siyasət istiqamətinin dəyişməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Məqalədə Rusiyanın mövqeyində mühüm ziddiyyət olduğu da qeyd olunur. Bildirilir ki, Moskva xalqların öz müqəddəratını təyin etmək hüququndan danışsa da, postsovet dövlətlərinin müstəqil qərarlarını öz geosiyasi maraqları prizmasından qiymətləndirir.
“Bu yanaşma suverenliyin əsas mənasını məhdudlaşdırır, dövlətin sərbəst seçim imkanını xarici gücün maraqlarından asılı vəziyyətə salır”, - deyə nəşr yazıb.
Nəşrin qənaətinə görə, yaranmış vəziyyət Ermənistanın qarşısında seçki proseslərinin maksimum şəffaflığını, siyasi rəqabət üçün bərabər şəraitin yaradılmasını və xarici müdaxiləyə qarşı səmərəli müdafiə mexanizmlərinin qurulmasını tələb edir.
“Seçkilərə ictimai etimad ölkənin daxili sabitliyinin və siyasi müstəqilliyinin mühüm təminatlarından biridir. Beynəlxalq rəqabətin dərinləşdiyi şəraitdə hakimiyyətin formalaşması və ölkənin inkişafı Ermənistan vətəndaşlarının iradəsi ilə müəyyən edilməli, xarici tərəfdaşlarla münasibətlər isə bu qərara hörmət prinsipi əsasında qurulmalıdır”, - deyə nəşr vurğulayıb.
Məqalənin yekununda Ermənistanın əsas vəzifəsinin öz siyasi gündəliyinin müstəqilliyini qorumaq olduğu bildirilir. Nəşr hesab edir ki, Rusiyanın siyasi rəhbərliyinin açıqlamaları Moskvanın Ermənistanın daxili siyasi proseslərini də regional təsir mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirdiyini göstərir.
Alpər Mövludoğlu Ordu.az