Makron Arsene Vengerin FIFA prezidentliyinə namizədliyini dəstəkləyir


Fransa prezidenti Emmanuel Makron Arsene Vengerin FIFA prezidentliyinə namizədliyini açıq şəkildə dəstəkləyib.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın sabiq baş məşqçisi seçkilərdə iştirak etməyə yaxın olduğu bildirilir. The Telegraph-ın məlumatına görə, Makron həmyerlisi ilə əlaqə saxlayaraq onu Canni İnfantinoya rəqib olmağa razı salmağa çalışıb. Fransa lideri həmçinin digər ölkələrin rəhbərlərini də Vengerin namizədliyini dəstəkləməyə çağırmağa hazırdır.
Bununla belə, Arsene Vengerin yekun qərar verib-verməyəcəyi hələlik məlum deyil. Qeyd olunur ki, Makronun açıq dəstəyi Afrika ölkələrində əks reaksiya doğura bilər, çünki bu dövlətlərin Fransa prezidenti ilə münasibətləri gərgindir.
Əgər 77 yaşlı fransız seçkilərdə iştirakdan imtina etsə, UEFA Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kodzo Taşimanın namizədliyini dəstəkləyəcək. Bundan başqa, daha bir tanınmış şəxsin də namizədliyini irəli sürəcəyi gözlənilir. Eyni zamanda, "Tottenhem"in sabiq müdafiəçisi Ramon Veqa da FIFA prezidentliyinə namizəd olmağı planlaşdırır, lakin onun namizədliyinin qeydə alınması üçün tələb olunan beş milli futbol federasiyasının dəstəyini alıb-almayacağı hələ bəlli deyil.
FIFA prezidentinin seçkiləri 18 mart 2027-ci ildə keçiriləcək.
1 mənbə
