Maaşlar artacaq, qiymətlər də bahalaşacaq?- İqtisadçıdan diqqətçəkən AÇIQLAMA


19.11.2026 - 12:33
Azərbaycanda minimum aylıq əməkhaqqının 100 manat artırılaraq gələn ildən 500 manata çatdırılması barədə məlumat yayılıb. Eyni zamanda, cəmiyyətdə maaş və pensiyaların artırılmasının bazarda bahalaşmaya, inflyasiyaya səbəb olduğu fikri də var.
Bu artım əhalinin sosial rifahına necə təsir edəcək? Bahalaşma riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Hökumət bunu necə tənzimləyə bilər?
İqtisadçı Əkrəm Həsənov Editor.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının 100 manat artırılması o qədər də əhəmiyyətli dəyişiklik deyil.
Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqı ən azı 700-800 manat səviyyəsində olmalıdır:
“İlk növbədə, Avropa Sosial Xartiyasının minimum əməkhaqqı ilə bağlı müddəalarını qeyd etmək lazımdır. Azərbaycan da bu sənədə qoşulub. Həmin yanaşmaya əsasən, minimum əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizinə uyğun olmalıdır. Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manatdan yüksəkdir. Bu baxımdan minimum əməkhaqqı ən azı 700 manat səviyyəsində müəyyən edilməlidir. Deməli, nəzərdə tutulan artım əslində kifayət qədər aşağıdır.
İkinci məsələ minimum əməkhaqqının mahiyyəti ilə bağlıdır. Bu, işləyən hər bir şəxsin ən azı müəyyən edilmiş məbləğdə əməkhaqqı alması deməkdir. Lakin ölkədə iş yerlərinin və məşğulluq imkanlarının vəziyyəti də nəzərə alınmalıdır.
Üçüncü məsələ pensiya və sosial müavinətlərin artırılması ilə bağlıdır. Çox güman ki, bu ödənişlərdə də artım olacaq. Ancaq qiymətlərin yüksəlmə sürəti bu artımları üstələyir. Bu baxımdan, maaş və pensiyaların artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmayacaq. Əksinə, mövcud vəziyyət insanların sosial rifahının daha da pisləşməsinə səbəb ola bilər.
Bəs nə etmək lazımdır? Ölkədə ilk növbədə qanunun aliliyi təmin edilməli, sahibkarlıq fəaliyyəti üçün normal şərait yaradılmalı, investisiya mühiti yaxşılaşdırılmalıdır. İqtisadiyyatın inkişafı üçün bu amillər vacibdir.
Məsələn, qonşu Gürcüstanın bizim qədər təbii resursları yoxdur, lakin iqtisadi inkişaf baxımından Azərbaycandan daha yaxşı nəticələr əldə edib”.
//Gülnarə Abasova, Editor.az
1 mənbə
