Lənkəranda qadın sağlamlığı ilə bağlı maarifləndirici seminar keçirilib


Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə qanaxma hallarının erkən aşkarlanması, diaqnostikası və müasir müalicə üsulları müzakirə edilib.
Cənub Media xəbər verir ki, seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev qadın sağlamlığının qorunmasının səhiyyə sisteminin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, qadın və qızlarda müşahidə olunan qanaxmaların vaxtında aşkarlanmasının, düzgün diaqnostikanın aparılmasının və müasir müalicə metodlarının tətbiqinin vacibliyini vurğulayıb.
Seminarda Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov, TƏBİB-in müvafiq Komissiyasının sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin mama-ginekoloqu Fidan Cabbarlı və Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Məhluqə Talıbova məruzələrlə çıxış ediblər.
Məruzələrdə yenidoğulmuşlarda qanaxmaların yaranma səbəbləri və müalicə yanaşmaları, zahılıq dövründə baş verən qanaxmaların vaxtında aşkarlanması və idarə olunması, həmçinin Von Villebrand xəstəliyinin müasir müalicə və profilaktika üsulları ətrafında ətraflı müzakirələr aparılıb.
Çıxışlarda erkən diaqnostikanın, düzgün müalicə taktikasının seçilməsinin və mümkün fəsadların qarşısının alınmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Seminar iştirakçıları arasında fikir və təcrübə mübadiləsi aparılıb, aktual klinik məsələlər müzakirə olunub. Mütəxəssislər qanaxma hallarının erkən aşkarlanması, düzgün diaqnostikası, müasir müalicə metodlarının tətbiqi və ağırlaşmaların qarşısının alınması ilə bağlı praktiki təcrübələrini bölüşüblər.
Cənub Media, Lənkəran
Views: 149
Post navigation
1 mənbə