Lənkəranda iri fermer təsərrüfatlarında görülən işlərə baxış keçirilib


Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərin vəziyyəti ilə yerində tanışlıq olub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.
Səfər zamanı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrdə görülən işlərə baxılıb. Əsas məqsəd zona müşavirəsində irəli sürülən təşəbbüslərin icra vəziyyətini yoxlamaq, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olmaq və mövcud vəziyyəti yerində qiymətləndirmək olub.
Qeyd olunub ki, son illərdə rayonda çay plantasiyalarının və sitrus bağlarının sahəsi genişləndirilib, yerli çəltik sortlarının məhsuldarlığının artırılması məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə başlanılıb. Aqrar sektorun inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi və ixrac potensialının artırılması istiqamətində işlər davam etdirilir.
Görüş zamanı fermer və sahibkarların qarşılaşdıqları problemlər və qayğılar dinlənilib. Qaldırılan məsələlərin operativ həlli, eləcə də kənd təsərrüfatı istehsalçılarına zəruri dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən fermer və sahibkarlar yaradılan şəraiti yüksək qiymətləndirib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar.
Cənub Media, Lənkəran
Views: 115
Post navigation
1 mənbə