“Kurtlar Vadisi Pusu”nun Leylası məsciddəki ayaq qoxusuna sitəm etdi, haqqında araşdırmaya başlanıldı…


Dünya 21 Noyabr, 202620:53
Məşhur aktrisanın məsciddəki müraciəti birmənalı qarşılanmayıb…
Türkiyəli aktrisa Çiğdem Batur barəsində İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Tezadlar.az xəbər verir ki, buna səbəb aktrisanın İstanbulun tarixi məkanlarından olan Sultan Əhməd məscidində çəkdiyi videoda səsləndirdiyi fikirlər olub.
Batur məscidi ziyarət edərkən içəridəki ayaq qoxusundan narahat olduğunu bildirərək məsul şəxslərə müraciət edib. Aktrisanın “Məsul şəxslər, buradakı ayaq qoxusuna bir çarə tapın. Bütün dünyaya rüsvay oluruq. Qoxudan başım fırlandı” sözləri sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.
İstanbul Baş Prokurorluğu Çiğdem Baturun paylaşımında işlətdiyi ifadələri araşdırmaya götürüb. Aktrisa barəsində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan “Xalqın bir hissəsini və dini dəyərləri açıq şəkildə alçaltma” ittihamı ilə istintaq başladılıb.
Prokurorluğun qiymətləndirməsinə əsasən, sözügedən ifadələr ibadət edən şəxsləri alçaldıcı xarakter daşıya və dini dəyərlərin nüfuzuna xələl gətirə bilər.
Müzakirələrdən sonra aktrisa açıqlama yayımlayaraq məqsədinin hər hansı dini inancı, ibadət edən insanları və ya müqəddəs məkanı hədəfə almaq olmadığını deyib:
“Diqqət çəkmək istədiyim məsələ həm ibadət, həm də turistik məqsədlə ziyarət edilən tarixi məkandakı gigiyena və havalandırma problemi idi. Sultan Əhməd məscidi və Ayasofya yalnız bizim tarixi və mədəni irsimizin deyil, Türkiyənin dünyaya açılan ən mühüm simvollarındandır. Videoda bu qiymətli məkanları ziyarət edən yerli və xarici turistlərin ölkəmizdən hansı təəssüratla ayrıldıqları ilə bağlı narahatlığımı ifadə etmək istədim”.
Qeyd edək ki, Çiğdem “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Savcı Leyla obrazı ilə tanınıb.
axşam.az
