"Komanda ruhu hiss olunurdu" - Vaqif Sadıqov


Dünən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti matçı baş tutub. Emin Mustafayevin çalışdırdığı yığma Litvanın müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb həm gənc futbolçular, həm də oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Litva ilə matçda biz demək olar ki, ilk xalımızı qazandıq və ya ilk qolumuzu vurduq. Yığmamız bu oyunda, deyərdim ki, müdafiə intizamı ilə seçilirdi. Birinci hissədə əks-hücumlara bel bağlayırdıqsa, ikinci yarıda tam fərqli oyunun şahidi olduq. Komanda oyunu öz nəzarətinə almışdı və demək olar ki, ikinci hissədə dominant futbol oynadı. Buraxılan qola baxmayaraq, tezliklə onun cavabını verməklə qələbə qolunu axtarırdılar.
Heyif ki, qələbə qazana bilmədik. Litva dörd xalla ikinci yerdə olsa da, digər mərhələyə vəsiqə qazanıb. Xeyli futbolçunu qeyd edə bilərəm. Ona görə ki, hamımız öyrəşmişik ki, komandamız oyundan-oyuna yorğunluq hiss edir və hardasa istədiyi futbolu sərgiləyə bilmir. Ancaq bu üçüncü görüşdə komanda ruhu hiss olunurdu və mən açıq deyim ki, ağır məğlubiyyətlərdən sonra yığmanın göstərdiyi bu oyun ümidverici idi. Baş məşqçiyə də bunu bildirdim. Xeyli oyunçuya gələcəkdə ümid bağlaya bilərik".
Əlisahib İbrahimli
