Kiyevdə raket həyəcanı: İnsanlar gecəni metroda keçirdi – VİDEO


20.11.2026 - 13:43
Ukraynanın paytaxtı Kiyev növbəti dəfə Rusiyanın genişmiqyaslı hücumuna məruz qalıb. Gecə saatlarında şəhərdə ard-arda hava hücumu siqnalları verilib. İnsanlar raket və pilotsuz uçuş aparatlarının zərbələrindən qorunmaq üçün metro stansiyalarına sığınıblar.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, 19 noyabr 2026-cı il gecəsi baş verən hücumlar nəticəsində ilkin məlumatlara görə, azı bir nəfər ölüb, beş nəfər yaralanıb.
Kiyev sakinləri gecəni yeraltı keçidlərdə və metro stansiyalarında keçirməyə məcbur olublar. Şəhər sakinləri çantalarını və şəxsi əşyalarını götürərək metroya enib, platformalarda müvəqqəti çadırlar qurub, hava döşəkləri səriblər.
Kiyev meri Vitali Kliçkonun açıqladığı sonrakı məlumata görə isə hücumların nəticələri daha ağır olub: ölənlərin sayı azı üç nəfərə, yaralıların sayı isə 15 nəfərə çatıb.
Rusiyanın zərbələri yaşayış binalarına, şəhərin tanınmış kilsələrindən birinə, Dnepr çayı üzərindəki körpülərə və diplomatik nümayəndəliklərə ziyan vurub. Zərər görən diplomatik binalar arasında Avstriya, Niderland və Braziliya səfirlikləri də olub.
Səfirliklər də hücumdan zərər gördü
Hücum zamanı diplomatik nümayəndəliklərin əməkdaşları xəsarət almayıblar. Lakin partlayışın təsirindən Avstriya səfirliyinin binasında, əməkdaşlar içəridə olarkən, pəncərələrin şüşələri sınıb, avtomobillərə ziyan dəyib.
Yaxınlıqda baş verən başqa bir partlayış isə Niderlandın diplomatik nümayəndəliyində yüngül dağıntılara səbəb olub.
Putin hansı vədi vermişdi?
Genişmiqyaslı hücum Rusiya Prezidenti Vladimir Putinin açıqlamasından qısa müddət sonra baş verib. Putin Moskvanın Ukraynanın Krım körpüsünə hücumlarına cavab olaraq daha ağır zərbə endirəcəyini vəd etmişdi.
Müharibə başlayandan bəri Kiyevin metro sistemi şəhər sakinləri üçün əsas sığınacaqlardan birinə çevrilib. Rusiya hücumları zamanı yaşayış evləri, iş yerləri və şəhər infrastrukturu hədəfə alındıqda insanlar təhlükəsizlik üçün metro stansiyalarına üz tuturlar.
\\ Aydan Bünyatova, Editor.az