Bu ölkədən kritik neft planı: Türkiyə və Suriya hərəkətə keçir


Hörmüz boğazında yaranan təhlükəsizlik riskləri İraqı neft ixracı üçün alternativ marşrutlar axtarmağa vadar edib. Bağdad rəhbərliyi Türkiyə üzərindən Ceyhan limanına və Suriya vasitəsilə Aralıq dənizinə çıxış imkanlarını genişləndirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bildirilib ki, neft gəlirlərindən ciddi şəkildə asılı olan İraq Fars körfəzi üzərindən ixracın mümkün fasilələrdən təsirlənməməsi üçün yeni enerji və nəqliyyat bağlantıları üzərində işləyir. Bu strategiyada Kərkük-Ceyhan boru kəməri və Suriyanın Baniyas limanına uzanan marşrut xüsusi əhəmiyyət daşıyır.
İraqın neft naziri Basim Məhəmməd Xudayırın açıqlamasına görə, Türkiyə ilə köhnə boru kəməri vasitəsilə xam neft daşınması bərpa olunub. İlkin mərhələdə ixrac həcminin mərhələli şəkildə artırılması, gündəlik daşınmanın isə 500 min barrelə çatdırılması nəzərdə tutulur.
İraqın alternativ enerji strategiyasında Türkiyə mühüm yer tutur. Ölkənin şimalındakı neft yataqlarını Ceyhan limanı ilə birləşdirən Kərkük-Ceyhan boru kəməri Bağdadın Fars körfəzindən kənardakı əsas ixrac imkanlarından biridir.
Bununla yanaşı, İraq Fars körfəzini Türkiyə üzərindən Avropaya bağlamağı nəzərdə tutan İnkişaf Yolu layihəsini də strateji əhəmiyyətli hesab edir. Bəsrədəki Fav limanından başlayaraq Türkiyəyə qədər uzanması planlaşdırılan avtomobil və dəmir yolu şəbəkəsinin ölkəni regional tranzit mərkəzinə çevirməsi hədəflənir.
Müəllif: Roza
