KİV: Brüssel regionun yeni xəritəsini qurur, Moskva Ermənistanı köhnə təsir dairəsində saxlamaq istəyir


“Avropa İttifaqı Qara dənizi, Cənubi Qafqazı və Mərkəzi Asiyanı iqtisadi və təhlükəsizlik baxımından qarşılıqlı əlaqəli məkan kimi nəzərdən keçirir, yeni ticarət marşrutlarını, kommunikasiyaları və strateji infrastrukturu inkişaf etdirir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr bildirir ki, noyabrın 16-da Brüsseldə keçirilən nazirlər görüşü Cənubi Qafqazın artan strateji əhəmiyyətini və regionun gələcəyinə beynəlxalq marağın dərinləşdiyini nümayiş etdirib.
“Avropa İttifaqı Qara dənizi, Cənubi Qafqazı və Mərkəzi Asiyanı iqtisadi və təhlükəsizlik baxımından qarşılıqlı əlaqəli məkan kimi nəzərdən keçirir, yeni ticarət marşrutlarını, kommunikasiyaları və strateji infrastrukturu inkişaf etdirir. Rusiya isə öz növbəsində postsovet məkanında ənənəvi təsir rıçaqlarını qorumağa və Qərbin mövcudluğunun genişlənməsini məhdudlaşdırmağa çalışır”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, bu proseslər regionun geosiyasi mühitini dəyişdirir, Ermənistan üçün xarici siyasət müstəqilliyinə, təhlükəsizlik sisteminin şaxələndirilməsinə və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə yeni əhəmiyyət qazandırır.
Nəşr qeyd edir ki, Brüsseldə Avrasiyanın yeni iqtisadi və siyasi coğrafiyası müzakirə olunub. Ukraynada müharibə Avropanı enerji asılılıqlarını, təchizat zəncirlərini və təhlükəsizlik sistemini yenidən nəzərdən keçirməyə vadar edib.
“Qara dəniz bu siyasətin əsas məkanlarından biridir, Cənubi Qafqaz isə Avropanı Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən mühüm qovşaqdır. Orta Dəhlizin inkişafı, yeni enerji əlaqələri və ticarət marşrutlarının şaxələndirilməsi Avropanın uzunmüddətli təhlükəsizlik siyasətinin tərkib hissəsinə çevrilib”, - deyə məqalədə bildirilib.
Noyabrın 16-da keçirilən görüşdə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas, genişlənmə məsələləri üzrə komissar Marta Kos, Ermənistan, Azərbaycan, Türkiyə, Ukrayna, Moldova və Avropa dövlətlərinin nümayəndələri iştirak ediblər. Nəşr hesab edir ki, iştirakçıların tərkibi müzakirələrin geniş miqyasını göstərir.
“Cənubi Qafqaz beynəlxalq iqtisadi və təhlükəsizlik sisteminin mühüm halqasına çevrilir, ticarət marşrutlarının, kommunikasiyaların və strateji maraqların qarşılıqlı əlaqəsi baxımından getdikcə daha böyük əhəmiyyət qazanır”, - deyə nəşr yazıb.
Məqalədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına da xüsusi diqqət ayrılıb. Onun 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları regional sülhün möhkəmləndirilməsi və yeni iqtisadi imkanlar baxımından təqdim etdiyi bildirilir.
“Mirzoyan Ermənistan-Azərbaycan kommunikasiyalarının açılmasının, ticarət əlaqələrinin inkişafının və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb. Bu proseslərin irəliləməsi Ermənistanın iqtisadi mövqeyini və formalaşmaqda olan regional əməkdaşlıq sistemində əhəmiyyətini əsaslı şəkildə dəyişə bilər”, - deyə nəşr qeyd edib.
Nəşr bildirir ki, Brüssel görüşünün geosiyasi əhəmiyyəti kommunikasiyalara beynəlxalq marağın artması ilə də bağlıdır. Ticarət yollarına, enerji və nəqliyyat infrastrukturuna nəzarət dövlətlərə iqtisadi üstünlüklər və siyasi təsir imkanları verir.
“Bu infrastrukturlardan asılılıq ölkələrin müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdıra bilər. Məhz bu hesablamalarla Avropa İttifaqı alternativ kommunikasiyaları inkişaf etdirir, strateji asılılıqları azaltmağa, təchizatın sabitliyini təmin etməyə və iqtisadi təhlükəsizliyini möhkəmləndirməyə çalışır”, - deyə məqalədə vurğulanıb.
Yazıda Abu-Dabi danışıqları ilə bağlı yayımlanan məlumatlara da diqqət çəkilir. Nəşr qeyd edir ki, yayılan məlumatlara əsasən, Rusiya NATO-nun genişlənməsinin məhdudlaşdırılması, Qərbin hərbi mövcudluğunun azaldılması və postsovet məkanında özünəməxsus təhlükəsizlik maraqlarının tanınması tələblərini yenidən irəli sürür.
“Bu cür tələblərin həyata keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdıra, onların xarici siyasət və təhlükəsizlik seçimlərini böyük dövlətlərin maraqlarından və qarşılıqlı razılaşmalarından asılı vəziyyətə sala bilər”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, ötən həftə Abu-Dabidə keçirilmiş Rusiya-ABŞ danışıqları ilə bağlı hələ təsdiqlənməmiş məlumatlar Moskvanın postsovet məkanındakı təsirini beynəlxalq razılaşmalarla rəsmiləşdirmək və həmin ölkələrin gələcəyi ilə bağlı qərarlarda həlledici rolunu qorumaq istəyini əks etdirir.
Nəşr Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın hibrid təhdidlər, xarici informasiya müdaxilələri və demokratik institutlara ictimai etimadı sarsıtmaq cəhdləri barədə fikirlərinə də diqqət çəkir.
“Bu amillər Ermənistanın dövlət dayanıqlığını zəiflədə və müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdıra bilər. Ermənistanın enerji və iqtisadi sistemlərində xarici təsir rıçaqları, həll olunmamış təhlükəsizlik problemləri və informasiya müdaxilələri xarici təzyiqin səmərəli vasitələrinə çevrilə bilər”, - deyə nəşr bildirib.
Nəşrin qənaətinə görə, belə təsirləri azaltmaq üçün güclü dövlət institutları, iqtisadi və təhlükəsizlik tərəfdaşlarının geniş dairəsi, strateji asılılıqların ardıcıl şəkildə azaldılması zəruridir.
“Suverenliyin möhkəmləndirilməsinin əsas meyarı milli maraqlardan irəli gələn qərarları qəbul etmək və onları xarici məcburiyyət olmadan həyata keçirmək qabiliyyətidir”, - deyə məqalədə vurğulanıb.
Nəşr Brüsselin gündəliyinin Ermənistan üçün yeni iqtisadi imkanlar yaratdığını da qeyd edir. Qara dəniz regionu, Mərkəzi Asiya və Avropa bazarları arasında ticarət əlaqələrinin inkişafı Ermənistanın tranzit əhəmiyyətini artıra, investisiyalar cəlb edə və ixrac imkanlarını genişləndirə bilər.
“Bu perspektivi reallaşdırmaq üçün fəaliyyət göstərən dəmir yolları, müasir avtomobil yolları, səmərəli gömrük sistemi və proqnozlaşdırıla bilən investisiya mühiti lazımdır. Sülhün iqtisadi dəyəri bu layihələrin həyata keçirilməsi və Ermənistan iqtisadiyyatı üçün verəcəyi real nəticələrlə müəyyən olunacaq”, - deyə nəşr yazıb.
Məqalədə Ermənistanın Rusiya ilə münasibətlərinə yenidən baxmasının da strateji əhəmiyyət daşıdığı bildirilir.
“Rusiya regionda öz geosiyasi maraqlarına uyğun olaraq təsirli rol oynamağa davam edəcək. Ermənistan Moskvanın prioritetlərini dəyişə bilməz, lakin siyasi müstəqilliyini möhkəmləndirməklə, xarici əlaqələrini şaxələndirməklə və Rusiyanın təsir rıçaqlarını azaltmaqla onunla münasibətlərini yenidən qura bilər”, - deyə məqalədə qeyd olunub.
Nəşr Brüssel görüşünün Cənubi Qafqazın Avropanın iqtisadi və təhlükəsizlik strategiyasındakı artan əhəmiyyətini bir daha göstərdiyini vurğulayır. Ermənistan üçün bu, beynəlxalq mövqelərini möhkəmləndirmək, kommunikasiyaları inkişaf etdirmək və iqtisadi əməkdaşlığı genişləndirmək imkanıdır.
Məqalənin yekununda bildirilir ki, formalaşan geosiyasi şəraitdə Ermənistan üçün əsas məsələ öz maraqlarını müstəqil şəkildə irəli sürmək və qorumaqdır.
“Regional kommunikasiyaların inkişafı ölkənin iqtisadi imkanlarını və beynəlxalq rolunu genişləndirə, Avropa və Avrasiya əməkdaşlıq sistemində mövqelərini möhkəmləndirə bilər. Bu imkanların reallaşdırılması ardıcıl xarici siyasət, səmərəli dövlət idarəçiliyi və öz ərazisi, eləcə də infrastrukturu üzərində tam nəzarət tələb edir. Ermənistanın yeni regional sistemdə yeri onun milli maraqları və suveren qərarları ilə müəyyən edilməlidir”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu Ordu.az