Kiberdələduzların WhatsApp planı: Əvvəl hesabınızı ələ keçirir, sonra...


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 13:42 432 baxış
Son dövrlər WhatsApp hesablarının ələ keçirilməsi və şəxsi məlumatların qanunsuz əldə olunması halları istifadəçilərin rəqəmsal təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Bəs kiberdələduzlar istifadəçilərin hesablarına hansı üsullarla müdaxilə edir, şəxsi yazışmalar və məlumatlar hansı təhlükələrlə üzləşir? Hesabların oğurlanması zamanı istifadəçilərin hüquqları və məlumatlarının qorunması necə təmin olunur?
Bu barədə Ekologiya.az-a açıqlama verən İT və kibertehlükəsizlik üzrə ekspert Əli Hüseynov bildirib:
"Müasir dövrdə WhatsApp kimi mesajlaşma platformaları kiberdələduzların əsas hədəflərindən birinə çevrilib. Kibercinayətkarlar istifadəçilərin hesablarına müdaxilə etmək üçün əsasən sosial mühəndislik, fişinq hücumları, saxta keçidlər və SMS təsdiq kodlarının ələ keçirilməsi üsullarından istifadə edirlər. Onlar bəzən özlərini tanış və ya rəsmi qurum nümayəndəsi kimi təqdim edərək istifadəçiləri aldadırlar".
Onun sözlərinə görə, WhatsApp hesablarının qorunması üçün təhlükəsizlik tədbirlərinə əməl etmək, hesab oğurlandıqda isə dərhal müvafiq addımlar atmaq vacibdir:
"Hesabın ələ keçirilməsi şəxsi yazışmaların, fotoşəkillərin və digər məlumatların təhlükəsizliyini risk altına qoyur. Dələduzlar istifadəçinin adından yaxınlarına mesaj göndərə, pul tələb edə və şəxsi məlumatlardan şantaj məqsədilə istifadə edə bilərlər.
Belə hallardan qorunmaq üçün iki mərhələli doğrulamanı aktivləşdirmək, təsdiq kodlarını heç kimlə paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq və əlaqələndirilmiş cihazları mütəmadi yoxlamaq vacibdir. Hesab oğurlandıqda isə ilk növbədə onun bərpası istiqamətində tədbirlər görülməli, dələduzluq və ya şəxsi məlumatların qanunsuz yayılması baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".
Mütəxəssis qeyd edib ki, fərdi məlumatların qorunması yalnız qanunvericilik və texniki vasitələrlə deyil, həm də istifadəçilərin rəqəmsal savadlılığı və məsuliyyətli davranışı ilə təmin olunmalıdır:
"Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu vətəndaşların şəxsi məlumatlarının qorunmasının hüquqi əsaslarını müəyyən edir.
Kibertəhlükəsizlik yalnız texniki müdafiə vasitələri ilə məhdudlaşmır. Burada rəqəmsal savadlılıq və istifadəçi məsuliyyəti də mühüm rol oynayır. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı saxta səs və görüntülərin hazırlanmasını asanlaşdırdığından, insanların rəqəmsal mühitdə daha diqqətli və məlumatlı olması zəruridir".
Zümrüd Abidqızı
1 mənbə
