Kayla Harrison Amanda Nunes üzərində tarixi qələbə qazandı


Qadınlar arasında MMA tarixinin ən böyüyü kimdir sualına UFC 334-də cavab tapılıb. Kayla Harrison Amanda Nunes-i məğlub edərək bu statusa iddiasını gücləndirib.
Offsideplus.az xəbər verir ki, Amanda Nunes UFC tarixinin ən güclü qadın döyüşçüsü olduğunu xatırlatmaq üçün qəfəsə qayıtsa da, Kayla Harrison onun təhlükəli zərbələrindən sağ çıxıb, yerüstü döyüşdə üstünlüyünü göstərib və dördüncü raundda boğma fəndi ilə qalib gəlib. İkiqat Olimpiya çempionu olan Harrison Nunes-in qayıdışını kabusa çevirib, onu dəfələrlə krestovoy vəziyyətdə saxlayaraq nəhayət tabe etməyə nail olub. Nunes oktaqona "ən böyüyü" kimi daxil olsa da, Harrison bu qələbə ilə qadınlar MMA tarixində yeni səhifə açıb.
Döyüşün əvvəlində hər iki idmançı mərkəzdə qarşılaşıb. Nunes ilk olaraq zərbə endirsə də, Harrison ehtiyatlı davranıb və rəqibinin təhlükəli zərbələrinə hörmətlə yanaşıb. Nunes hücumlarını davam etdirib, ağır sağ əllər və ayaq zərbələri ilə Harrisonu təzyiq altında saxlayıb. Harrison isə öz növbəsində fürsət axtarıb, lakin Nunes hər dəfə onun güləş cəhdlərini uğursuz edib.
Bir müddət sonra Harrison məsafəni qısaltmağa çalışıb, lakin Nunes onu güclü zərbələrlə qarşılayıb. Harrisonun sifətində artıq qan görünüb və vəziyyət onun üçün çətinləşib. Nunes üstünlüyünü davam etdirib, lakin Harrison nəhayət clinch vəziyyətinə girə bilib. Buna baxmayaraq, Nunes bu vəziyyətdən çıxmağı bacarıb.
Raundun sonunda Harrison ilk dəfə Nunes-i yerə salıb. Nunes tez bir zamanda vəziyyəti dəyişib və Harrisonun bədəninə diz zərbəsi endirib. Lakin Harrison fürsəti əldən verməyib və Nunes-i yenidən yerə salaraq krestovoy vəziyyətə keçib. Burada Harrison ardıcıl sol əllərlə zərbələr endirib, Nunes isə müdafiə olunmaqda çətinlik çəkib. Bu andan etibarən döyüşün axarı tam dəyişib və Harrison üstünlüyü ələ alıb.
