“Karyeramı “Racing Bulls”da başa vurmaq fikrində deyiləm”


“Formula-1” üzrə Yeni Zelandiya təmsilçisi, “Racing Bulls” komandasının pilotu Liam Louson gələcəyi və növbəti mövsüm üçün müqaviləsinin olmaması ilə bağlı yaşadığı narahatlıqlardan danışıb.
90deqiqe.Az xəbər verir ki, pilot bu barədə “Motorsport” nəşrinə müsahibəsində danışıb.
Louson bildirib ki, gələcəyi ilə bağlı müəyyən şübhələri olsa da, diqqətini yarışlara yönəltməyə və boliddən zövq almağa çalışıb:
“Gələcəyimlə bağlı şübhələrim var idimi? İşlər istədiyin kimi getməyəndə belə düşüncələr həmişə olur. Ancaq məncə, bu il komandamız bütün istiqamətlərdə kifayət qədər yaxşı çıxış etdi. Hər trasda rəqabətədavamlı bolidimiz var idi və demək olar ki, hər yarış həftəsonu üzərimizə düşəni yerinə yetirirdik.
Təbii ki, gələcəyin barədə düşünürsən və bu mövzu ətrafında çox danışılır. Lakin mən bu fikirləri mümkün qədər kənara qoymağa, diqqətimi cəmləməyə və bolidi idarə etməkdən zövq almağa çalışırdım”.
Pilot əlavə edib ki, Formula-1-də hələ böyük təcrübəyə malik olmasa da, mövsümün ikinci yarısında çıxışını yaxşılaşdırıb və təcrübə qazandıqca inkişaf edir.
Louson gələcəkdə “Racing Bulls” komandasından ayrılma ehtimalını da istisna etməyib:
“Bu idmanda hamımız qalib gəlməyə çalışırıq. Mənim də gələcəklə bağlı konkret təsəvvürüm yoxdur. Lakin bu komandada olduğun zaman istər “Red Bull”, istərsə də başqa bir komanda olsun, karyeranın növbəti mərhələsinə keçmək təbii inkişaf prosesidir.
Karyeramı “Racing Bulls”da başa vuracağımı düşünmürəm. Amma hazırda əlimizdə əla bolid var və yaxşı mövsüm keçiririk. Buna görə də hər yarış həftəsonundan maksimum nəticə əldə etməyə çalışıram. Növbəti il də bunu davam etdirmək imkanım olacaq və eyni ruhda çalışmağa davam edəcəyəm”, - deyə pilot bildirib.