Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib


Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentinanın Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.
İclasda Assosiasiyanın fəaliyyəti, rəhbər orqanlarında dəyişikliklər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, prokurorların peşə hazırlığı və qarşıdakı dövrün prioritetləri müzakirə olunub.
Toplantı çərçivəsində BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinada ədliyyə naziri təyin olunması ilə əlaqədar yeni prezident seçilənədək onun vəzifələrinin müvəqqəti icrası İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib. Assosiasiyanın baş katibi və baş müşaviri vəzifələrinə namizədlər də irəli sürülüb və noyabrın 16-da keçirilən Ümumi Yığıncaqda təsdiqləniblər.
BPA-nın vitse-prezidenti olan Kamran Əliyev çıxışında Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirakını və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulayıb. O, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə keçirilməsini də ölkəmizin təşkilatla səmərəli əməkdaşlığının göstəricisi kimi qeyd edib.
İclasda BPA-nın Baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyununda Azərbaycana səfəri zamanı Milli Aviasiya Akademiyasında rəqəmsal sübutlar və kibercinayətlərlə bağlı keçirilən təlimi yüksək qiymətləndirərək, onu beynəlxalq prokurorluq ictimaiyyəti üçün nümunəvi təcrübə adlandırıb.
Səfər çərçivəsində Kamran Əliyev Argentina Respublikasının federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ədliyyə naziri Xuan Bautista Mahikeslə ikitərəfli görüşlər keçirib. Görüşlərdə hüquqi əməkdaşlığın və ölkələrarası əlaqələrin inkişafı müzakirə olunub.
Baş prokuror, həmçinin Azərbaycanın Argentinadakı səfirliyini ziyarət edərək diplomatik nümayəndəliyin əməkdaşları ilə görüşüb.
