İtaliyada göldən 3300 illik qılınc tapıldı: Arxeoloqları təəccübləndirən xüsusiyyət


İtaliyada vulkanik gölün dibindən Tunc dövrünə aid, təxminən 3300 il yaşı olan bürünc qılınc aşkarlanıb. Arxeoloqları ən çox təəccübləndirən isə qədim silahın bu qədər uzun müddət su altında qalmasına baxmayaraq, kəsici hissəsinin hələ də iti olmasıdır.
HİT.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Tapıntı ölkənin Latsio bölgəsində yerləşən Mettçano gölündə su altında qalmış qədim yaşayış məskəninin araşdırılması zamanı üzə çıxıb. İtaliyanın Viterbo və Cənubi Etruriya əyalətləri üzrə Arxeologiya, Təsviri Sənət və Landşaft İdarəsinin məlumatına görə, qılınc e.ə. XIII əsrə aiddir.
Qurumun yaydığı fotolarda gölün daşlı dibində uzanan tünd rəngli, düz formalı bürünc silah görünür. Mütəxəssislər bildirirlər ki, qılıncın kəsici hissəsi indiyədək iti vəziyyətdə qalıb. Bu xüsusiyyət artefaktı xüsusilə diqqətçəkən edir.
Araşdırmalar zamanı gölün dibindən yalnız qılınc deyil, baltalar, ox və nizə ucluqları, sancaqlar, eləcə də ülgüc də tapılıb. Arxeoloqlar hesab edirlər ki, bu əşyalar təsadüfən deyil, müəyyən ritual və ya dini mərasimlər çərçivəsində suya atılmış ola bilər.
Maraqlı məqamlardan biri də metal əşyaların gölün müxtəlif hissələrində təxminən eyni dərinlikdə aşkarlanmasıdır. Bu, onların yerləşdirilməsi ilə bağlı müəyyən məqsədin ola biləcəyi ehtimalını gücləndirir.
Qeyd edək ki, Mettçano gölündə bu, ilk belə tapıntı deyil. 1970-ci illərdən bəri ərazidən daha iki qədim qılınc çıxarılıb. Yeni aşkarlanan nümunə isə 3000 ildən çox əvvəl həmin ərazidə yaşamış icmaların məişətini, inanclarını və mərasimlərini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Samir
1 mənbə